ADPU da seminar: Psixoloq nəyi bilməməlidir?

09.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Psixologiya klubunun təşkilatçılığı ilə Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının İdarə Heyətinin üzvü, psixoanalitik Fariz Səmədovun təqdimatında “Psixoloq nəyi bilməməlidir?” mövzusunda seminar keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, professorlar – Şəhla Əliyeva və Elmar Hüseynov, dosentlər – Ülviyyə Əfəndiyeva və Lamiyə Qurbanova, pedaqogika üzrə fəlsəfə doktoru Südabə İskəndərova, fakültənin müəllimləri və tələbələri iştirak ediblər.

Tədbirdə fakültənin məzunu, şəhid Əli Ələsovun anım günü ilə əlaqədar Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminar çərçivəsində psixoanalizin əsas yanaşmaları praktik nümunələr əsasında izah olunub. Psixoloqun dinləmə mövqeyi, bilik və danışıq arasındakı münasibət, eləcə də insanın özündə mövcud olan, lakin hər zaman fərqində olmadığı biliklərin üzə çıxarılması məsələlərinə diqqət yetirilib. Təqdimat zamanı real klinik keys mərhələli şəkildə təhlil olunub, iştirakçılara konkret situasiyada hansı sualların verilə biləcəyi barədə düşünmək və öz yanaşmalarını ifadə etmək imkanı yaradılıb.

İnteraktiv müzakirə şəraitində keçən seminar iştirakçılar arasında mövzuya dair geniş fikir mübadiləsi ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью