Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsi və IGP (Innovative Group of Professionals) təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 28-də “Dil Tədrisi Sammiti 2026” keçiriləcək.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, “Aktual problemlər və inkişaf istiqamətləri” mövzusuna həsr olunan sammitin əsas məqsədi dil tədrisinin mövcud vəziyyətini müzakirə etmək, bu sahədə qarşıya çıxan aktual problemləri elmi-praktik müstəvidə təhlil etmək, beynəlxalq təcrübəni bölüşmək və gələcək inkişaf istiqamətlərinə dair yeni yanaşmaları nəzərdən keçirməkdir.
Sammit dil müəllimlərini, ali təhsil müəssisələrinin akademik heyətini, tədqiqatçıları, təhsil menecerlərini və ümumilikdə dil tədrisi və təhsilin inkişafı ilə maraqlanan mütəxəssisləri vahid platformada bir araya gətirəcək.
Tədbir çərçivəsində dil tədrisinin müasir çağırışları, tədris prosesində tətbiq olunan yeni metod və yanaşmalar, beynəlxalq təcrübə, müəllimlərin peşəkar inkişafı, eləcə də sahənin perspektiv inkişaf imkanları ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. İştirakçılar mövcud təcrübələri bölüşmək, müxtəlif yanaşmaları müqayisə etmək və praktik həllər üzərində fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Sammitdə iştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
“Dil Tədrisi Sammiti 2026”nın dil tədrisinin elmi və praktik problemləri ətrafında peşəkar müzakirələrin genişləndirilməsinə, yeni əməkdaşlıqların qurulmasına və müasir tədris yanaşmalarının paylaşılmasına töhfə verəcəyi gözlənilir.