Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 27 Mart - Elm Günü münasibətilə ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən, yaşı 35-ə qədər olan gənclər arasında “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a ADPU-nun elm və innovasiyalar üzrə prorektorluğundan məlumat verilib.
Müsabiqənin əsas məqsədi 2025-ci il ərzində səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda elmi məqalələri dərc edilmiş, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və digər elmi əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-siyasi həyatında fəallığı ilə fərqlənmiş perspektivli gənclərin müəyyənləşdirilməsi və mükafatlandırılmasıdır.
Müsabiqədə 2 nominasiya – “Riyaziyyat və təbiət elmləri” və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilərək diplom və pul mükafatı ilə mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər kağız daşıyıcılarda 2026-ci il martın 2-də saat 17:00-dək ADPU-nun Əqli mülkiyyətin qorunması şöbəsinin mütəxəssisi Nərmin Cümşüdovaya (Əsas tədris binası, 261-ci otaq) təqdim edilməlidir.
Əlavə məlumatı ADPU-nun elm və innovasiyalar üzrə prorektorluğundan (+994124930585) əldə etmək mümükündür.