Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"Suya 40-50% qənaət etmək mümkündür".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.
O, sahələrdə su itkilərinin qarşısının alınması üçün fermerlərə tövsiyələr verib.
Qurum rəsmisi bildirib ki, ölkə üzrə suvarılan 1,5 milyon hektar sahə var və kənd təsərrüfatı məhsullarının 90 faizi həmin sahələrdə əldə olunur:
"Fermerlərə tövsiyəmiz odur ki, taxıl sahələri biçiləndən 5-10 gün sonra şumlama işləri aparılmalıdır. Bu, tək taxıl sahələrinə aid deyil, digər bitki növlərinə də aiddir. Əlavə olaraq sahələrdə hamarlama işlərinin aparılması vacibdir".
Akif Quliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəyə lazerli hamarlama texnologiyaları gətirilib.
"Bu, fermerlərimiz üçün çox əlverişli texnikadır. Həmin texnika vasitəsilə hamarlama işləri aparılan zaman əlavə su itkisinə yol verilmir. Bütün sahələr proporsional qaydada suvarma suyu ilə təmin olunur və bu da məhsuldarlığın artmasına təsir edir", - deyə müsahibimiz əlavə edib.
Qurum rəsmisi fermerlərə müasir suvarma texnologiyalarının tətbiqini tövsiyə edib:
"Bildiyiniz kimi, Şirvan suvarma kanalı vasitəsilə 100 min hektardan çox yeni əkin sahəsinin dövriyyəyə cəlb olunması planlaşdırılır. Fermerlərimizə təklif edərdim ki, həmin sahələrdə müasir suvarma texnologiyaları tətbiq olunsun. Çünki müasir texnologiyanın tətbiq edildiyi sahələrdə digər sahələrə nisbətən iki dəfədən artıq məhsul götürülür və ən azı 40-50 faiz suya qənaət olunur".
Gülşən Şərif