Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Naxçıvan şəhər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdən öncə sədr Zaur Mikayılov və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra ADSEA sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.