Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 24 dekabr, AZƏRTAC Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mütəxəssislərindən ibarət qrup Şuşa şəhərində su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyətini araşdırıb.
Şəhər işğaldan azad edildikdən sonra məlum olub ki, düşmən şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də bərbad hala salıb.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edilib.
Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi, Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb.
Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla dəyişdirilib.
Görülmüş işlərin nəticəsi olaraq yeni mənbədən şəhərə suyun verilməsi ilə yaşayış məntəqələri, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov qeyd edib ki, Şuşa şəhərinə 2 mənbədən su daxil olur - Zarıslıçay və Kiçik Kirs su mənbəyindən.
Bu mənbələrdə aparılan yenidənqurma işləri nəticəsində Zarıslıçay mənbəyinin hövzəsində tikilmiş bənddə nasos stansiyası qurulub.