ADU nun Konfutsi İnstitutu “Ən yaxşı HSK tərəfdaşı” adına layiq görülüb

20.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) elm və innovasiya üzrə prorektoru Həmidə Əliyeva, Konfutsi İnstitutunun Himayəçilər Şurasının üzvü Səbinə Feyzullayeva və bu institutun direktorları Rafiq Abbasov və Li Cihua Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi, Çin Beynəlxalq Təhsil Fondu və Çin Dili Müəllimləri Beynəlxalq Cəmiyyəti ilə birgə təşkil etdiyi və “Çin dili bir dildən daha artıqdır” devizi altında keçirilən Dünya Çin Dili Konfransında iştirak ediblər.

ADU-nun Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti paralel forumlarda və tematik bölmələrdə iştirak edib. Forumlarda Çin dilinin qlobal yayılması, süni intellekt və rəqəmsal iqtisadiyyat sahələrində kadrların hazırlanması üçün biznes və təhsil əməkdaşlığı mexanizmləri, HSK 3.0 imtahanının praktik tətbiqinin təşviqi, süni intellekt dövründə Çin dilinin tədrisi üçün beynəlxalq standartların hazırlanması, Çin dilinin dünyanın milli məktəb sistemlərinə inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Direktor Rafiq Abbasov, həmçinin beynəlxalq Çin dili tədrisi üçün ixtisaslaşmış şaquli dil modelinin tətbiqi və HSK 3.0 imtahanına hazırlıq üçün yeni tədris vəsaitləri ilə bağlı təqdimatlarda iştirak edib.

Çin Körpüsü Müsabiqəsinin 25-ci ildönümünü qeyd edən forum çərçivəsində Beynəlxalq Çin Dili Müəllimləri Cəmiyyəti tərəfindən illik akademik konfrans keçirilib. Konfransda ADU-nun Konfutsi İnstitutu Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və “Chinese Testing International” şirkəti tərəfindən “Ən yaxşı HSK tərəfdaşı” adına layiq görülüb.

ADU nümayəndə heyəti tərəfdaş Huzhou Universitetinin rektoru professor Şenq Kuan ilə görüş keçirib. Görüşdə ADU Konfutsi İnstitutunun son bir ildəki fəaliyyətinin nəticələri ümumiləşdirilib və Azərbaycanda Çin dili və mədəniyyətinin tədrisini daha da genişləndirmək üçün əməkdaşlıq planları müəyyən edilib. Bu görüşdə ADU-nun Konfutsi İnstitutunun könüllüsü Esmiralda Əliyeva tərəfindən hazırlanmış Azərbaycan-Çin rəqəmsal platforması PARALLAX-ın yaradılması layihəsi təqdim edilib. Platforma Azərbaycan dilində hazırlanmış Çin dili dərsliyi əsasında Çin dilinin öyrənilməsini və yaradıcı və mədəniyyətlərarası təhsilin innovativ modelini birləşdirərək ənənəvi Çin musiqisini, təsviri incəsənətini və poeziyasını özündə birləşdirir.

Sintszyan Maliyyə və İqtisadiyyat Universitetinin Xarici İşlər şöbəsinin müdiri xanım Yan Huysin ilə də görüş keçirilib. Görüşdə Çin dilinin tədrisinin rəqəmsallaşdırılması və Sintszyan Maliyyə və İqtisadiyyat Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması məsələləri müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью