Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin 10 ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarlarına 26 daşatma hadisəsi qeydə alınıb.
ADY-dən XQ-yə bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə belə hadisələrin sayı 40 faizə yaxın azalıb. Bununla belə, dəmir yolu nəqliyyatında təhlükəsizliyin tam təmin edilməsi əsas hədəf olaraq qalır.
Qeyd olunub ki, qatarlara daş atılması vaqonların şüşələrinə və digər hissələrinə ziyan vurmaqla yanaşı, sərnişinlərin, maşinistlərin və qatar bələdçilərinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu cür hallar, həmçinin qatarların hərəkətində gecikmələrə səbəb olur, sərnişin və yük daşımalarının fasiləsizliyinə mənfi təsir göstərir.
Aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib. Hər bir hadisə üzrə müvafiq araşdırma aparılaraq qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülüb.
ADY-dən vurğulanıb ki, qatarlara daş atılması hüquqi məsuliyyət yaradan əməldir. Belə hallara yol verən şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb oluna, həmçinin vurduqları maddi ziyanı ödəməli ola bilərlər.
Vətəndaşlardan dəmir yolu ərazisində təhlükəsizliyə təhdid yaradan hallarla qarşılaşdıqda Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə və ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat vermələri xahiş olunur.