“Aeroport yolundakı tunelə yağışda su yığılır, təhlükəli vəziyyət yaranır” Video

04.02.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakıda Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 5-ci kilometrliyində, “Xəyal adası” (“Dreamland Golf Club”) yaxınlığında yerləşən tunel artıq uzun müddətdir ki, sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Hər yağıntı zamanı drenaj sisteminin işləməməsi səbəbindən tuneldə böyük həcmdə su yığılır, yol tamamilə su altında qalır və nəqliyyat vasitələrinin hərəkəti faktiki olaraq riskli vəziyyətə düşür”.

Bu şikayətlə “Qafqazinfo”ya sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, yol səthindəki çoxsaylı çalalar yağış zamanı su ilə dolaraq görünməz hala düşür: “Nəticədə sürücülər bilmədən dərin çalalara düşür, avtomobillərin alt hissəsi zədələnir. Artıq vəziyyət o həddə çatıb ki, həmin ərazidən keçərkən zərbə səsi eşidilmirsə, düşünürük ki, deməli, hələ yolu keçməmişik. Bu hal insanların həm maddi zərərə düşməsinə, həm də hər an qəza ilə üz-üzə qalmasına səbəb olur.

Ən narahatedici məqam isə ondan ibarətdir ki, sözügedən yol paytaxtın əsas və strateji əhəmiyyətli magistralıdır. Mövcud vəziyyətə görə sürücülər məcbur qalıb alternativ marşrutlardan istifadə edir, bu isə yolu təxminən 14 kilometr uzadır və gündəlik həyatlarında ciddi çətinlik yaradır”.

Şikayətçilər dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, məsələnin həllini tapmadığını bildiriblər. 

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ qısa zamanda həll olunacaq: “Həmin ünvandakı yol agentliyin balansında deyil, amma əsas yolun altından keçən tunel agentliyin balansındadır. Artıq ərazi üzrə cavabdeh təşkilatımıza məlumat verilib. Əraziyə baxış keçiriləcək. Tapşırıq verilib, qısa müddətdə problem aradan qaldırılacaq”.

Gülnar Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью