Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Azərbaycanda taksi şirkətlərinin gediş haqlarını kəskin şəkildə artırdığı bildirilir.
Bu barədə Musavat.com-a Sumqayıt sakinləri müraciət ediblər.
Sakinlərin sözlərinə görə, son günlər taksi qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur və bu bahalaşmanın səbəbi onlara aydın deyil.
Vətəndaşlardan biri bildirib ki, bu həftə Sumqayıtdan Heydər Əliyev adına Beynəlxalq Hava Limanına “Bolt” tətbiqi üzərindən taksi sifariş edib və gediş haqqı 62 manat göstərilib:
“Məcbur qalıb bu pulu ödədim”.
Digər sakin isə Sumqayıtdan Bakı şəhərinə “Bolt” şirkətinə məxsus taksi ilə 45 manata getdiyini deyib. Onun sözlərinə görə, əvvəllər bu məsafə üçün ödənilən məbləğ xeyli aşağı olub.
Vətəndaşlar bildirirlər ki, oxşar vəziyyət digər taksi şirkətlərində də yaşansa da, ən ciddi qiymət artımı məhz “Bolt” tətbiqində müşahidə olunur.
Musavat.com məsələ ilə bağlı taksi sürücüləri ilə də əlaqə saxlayıb.
Sürücülər bildiriblər ki, onlar yalnız tətbiqdə göstərilən məbləğə uyğun xidmət göstərirlər və qiymətlərin formalaşması ilə bağlı hər hansı qərar qəbul etmirlər. Onların sözlərinə görə, qiymət artımının əsas səbəbi taksi fəaliyyətinə tətbiq olunan ərazi məhdudiyyətləridir.
Sürücülər qeyd ediblər ki, Sumqayıtdan Bakıya sərnişin aparmağa icazə verilsə də, Bakıdan Sumqayıta sərnişin götürmək mümkün deyil. Eyni qayda əks istiqamətdə də tətbiq olunur. Bu məhdudiyyətlər səbəbindən taksi şirkətləri gəlir itkisini kompensasiya etmək üçün qiymətləri artırmağa məcbur qalırlar.
Musavat.com məsələ ilə bağlı “Bolt” və “Uber” taksi şirkətlərinə sorğu ünvanlayıb.
“Uber” şirkətindən saytımıza bildirilib ki, hazırda taksi qiymətlərinin artırılması ilə bağlı hər hansı qərar yoxdur. Şirkət qeyd edib ki, sifarişlərin qiymətinə hava şəraiti, tıxaclar və sifariş edilən ərazidə mövcud avtomobillərin sayı kimi amillər təsir göstərə bilər.
“Bolt” şirkətindən isə Musavat.com-a bildirilib ki, məsələ ilə bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Azərbaycanda taksilərin fəaliyyəti buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları ilə məhdudlaşdırılıb. Sumqayıt və Bakı ərazisində sifarişləri yalnız həmin şəhərlər üçün qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür. Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan avtomobillərin bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan avtomobillərin isə paytaxtda sifariş qəbul etməsi məhdudlaşdırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində qeyri-müntəzəm marşrut üzrə həyata keçirilir.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü maddəsinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında göstərilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün AYNA-ya müraciət edə bilərlər.