Azpost saytına istinadən Icma.az xəbər verir.
Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsi ilə bağlı yaranmış problem Azərbaycan Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülüb.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.
Bildirilib ki, Afaq Yusiflinin təhsil haqqının bir hissəsi Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilir.
Nazirlik bu istiqamətdə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirib.
“Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi və Kino Agentliyi təhsil haqqının qalan hissəsinin də ödənilməsi üçün zəruri addımların atılmasına başlayıb.
“Məsələ ən qısa zamanda tam həllini tapacaqdır”, – açıqlamada vurğulanıb.
Qeyd edək ki, Afaq Yusifli daha əvvəl təhsil haqqının ikinci semestr üzrə 25 500 manatlıq hissəsinin universitetə köçürülməməsi səbəbindən Melburn Universitetindən bir neçə dəfə xəbərdarlıq aldığını bildirmişdi.
AKİ isə məsələni texniki və müvəqqəti xarakterli problem kimi qiymətləndirib. İttifaqdan bildirilib ki, məsələnin sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həll olunacağı gözlənilir.