AFFA da kasıblayıb: Futbol klublarına ayrılan vəsait azaldıldı

11.04.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər kişilər arasında futbol üzrə ölkə çempionatının yüksək liqasında mübarizə aparan klublar əsasən dotasiya hesabına fəaliyyət göstərir. İstisna halları nəzərə almasaq, komandalar dövlətin ümidinə qalır. Bir neçə klub sponsorların hesabına infrastrukturu yaxşılaşdırmaq, keyfiyyətli transferlər həyata keçirməyə çalışır. Əksəriyyət isə daha çox dövlətin ayırdığı vəsait çərçivəsində həyatda qalmaq üçün mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, Azərbaycan futbolunun müxtəlif sponsorların klublara ciddi maraq göstərdiyi dövrü geridə qalıb. Əslində, ölkə futbolunda həmişə komandaları maliyyələşdirməyə hazır olan adamlar diqqət çəkib. “Şəmkir” həm də Saşanın adı ilə xatırlanır. İş adamı Riad Rəfiyev uzun müddət “Neftçi”nin sponsoru olub. 2004-cü ildən vəziyyət bir az da yaxşılaşmışdı. Səhnəyə Hafiz Məmmədov, Mübariz Mənsimov, Tahir Yusifov kimi iş adamları, Cahangir Hacıyevin timalında məmurlar çıxmışdı. Sonra birdən hamı qeybə çəkildi.

Xüsusilə “Xəzər Lənkəran”ın futbol səhnəsindən çəkilməsindən sonra klublar daha çox dotasiya hesabına yaşayır. Son illər AFFA ortaya 30 milyon manat illik büdcə qoyur, həmin vəsait Premyer Liqa klubları arasında bölünür. Beləcə, hər komandaya 3 milyon manat düşürdü. Əlbəttə, klublar məhz bu vəsait hesabına çox iş görə bilmir. “Qarabağ”, “Sabah”, “Turan Tovuz”un ayrıca sponsorları var. “Səbail” də kənardan müəyyən məbləğ ala bilirdi, amma həmin mənbə tükənib.

Bildiyiniz kimi, gələn mövsümdən Premyer Liqada 12 klub mübarizə aparacaq. İndi həmin 30 milyon manatı 10 yox, 12 komanda arasında bölmək lazım gələcək. Yəni hər kluba daha az – 2,5 milyon manat düşəcək. AFFA məbləği artırmaq fikrində olmadığını açıqlayıb. Görünür, iqtisadi vəziyyətin ürəkaçan olmaması futbol təsərrüfatına da sirayət edib.

I liqa ilə bağlı məsələ açıq qalır. Orada hər kluba illik 300 min manat verilirdi. Məbləğin artırılıb-artırılmayacağı bilinmir. Məlumdur ki, gələn il də burada 10 klub yarışacaq. Say dəyişmir, heç olmasa, məbləğ azaldılmasın.

Ümumiyyətlə, irəlidə Azərbaycan futbolu üçün çətin dövr gəlir. Sponsorlar gözə dəymir, dotasiya isə bizi uzağa apara bilməz. Bu mənada son ayların uğursuz nəticələri də təsadüfi deyil. Bütün müstəvilərdə geriləmə müşahidə edilir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью