Icma.az bildirir, futbolpress-az portalına istinadən.
AFFA futbol sahəsində gənc istedadların üzə çıxarılması və düzgün seçilməsi mövzusunda növbəti vebinar təşkil edib.
Futbolpress.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, onlayn görüşdə Bakı ilə yanaşı, müxtəlif bölgələrdən olan məşqçilər, akademiya və klub təmsilçiləri, həmçinin idman müəllimləri iştirak ediblər.
Təlim İtaliyada futbolçu seçimi və skautinq istiqamətində çalışan Kamran Şahverdiyev tərəfindən aparılıb. Mütəxəssis beynəlxalq aləmdə qazandığı təcrübəni iştirakçılara aktararaq müasir skautinq trendləri barədə ətraflı məlumat verib.
Seminar çərçivəsində gənc oyunçuların aşkarlanması, onların texniki, taktiki, fiziki və psixoloji keyfiyyətlərinə görə dəyərləndirilməsi, skautinq mərhələləri, eləcə də analiz sistemlərindən istifadə qaydaları diqqət mərkəzində olub.
Diskussiya formatında keçən hissədə dinləyicilər ölkəmizdə istedadlı uşaqların tapılması və yetişdirilməsi zamanı qarşılaşdıqları çətinlikləri dilə gətirib, dünya təcrübəsinin yerli akademiyalara tətbiqi yollarını müzakirə ediblər.
Vebinardan razı qalan iştirakçılar bu cür maarifləndirici layihələrin davamlı olmasını arzulayıblar.
AFFA-dan bildirilib ki, futbol mütəxəssislərinin peşəkarlığını artırmaq məqsədilə oxşar inkişaf proqramlarının təşkili növbəti dövrdə də sürdürüləcək.