futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AFFA-nın prezidenti Rövşən Nəcəfin müavini Ramazan Səmədov Hövsanda FIFA U-15 dünya çempionatı üçün yaradılan baza haqqında sualları cavablandırdı.
Futbolpress.az xəbər verir ki, funksioner əvvəlcə tikinti ilə bağlı fikirlərini bölüşdü:
– İşlər qısa müddətdə görülüb. Rəqəmlərdən danışmaq daha asandır, amma bunların arxasında böyük insan əməyi var. Bütün işlər Cənab Prezident İlham Əliyevin sərəncamı, AFFA rəhbəri Rövşən Nəcəfin rəhbərliyi və baş katib Cahangir Fərəcullayevin tapşırıqları əsasında həyata keçirilib. Xüsusi vurğulamaq istəyirəm ki, cənab Samir Şərifov və digər dövlət nümayəndələri ilk gündən bizə dəstək göstərdilər. Tikintinin podratçısı SOCAR-dır. Azərbaycan futbolu üçün böyük işlər görülür. FIFA U-15 dünya çempionatı bu layihələr üçün təkan oldu. Arzularımız bu yarışlardan da uzağa gedir. İstəyirdik ki, uşaq futbolunun inkişafı üçün bu addımları ataq. İndi isə onlar üçün belə bir şərait yaradılıb.
– FIFA prezidenti Canni İnfantino buraya baş çəkdi. Təəssüratları necə oldu?
– Tikintinin tamamlanmasına beş gün qalmış gəldi. O, indiyə qədər bu cür layihələrdə çox iştirak edib. Amma bizə bildirdi ki, bu keyfiyyətdə və sürətdə işə heç yerdə rast gəlməmişəm.
– Əsas matçlar üçün nəzərdə tutulan xüsusi arena var?
– Xeyr. Bütün meydançalarda eyni şərait yaradılıb.
– Açılış matçını milli komandamızın keçirməsi dəqiqləşib?
– Hələ yox. Oyunların idarə olunmasına biz baxmırıq. Mətbuat xidmətimiz bununla bağlı məlumat verəcək.
– Ot örtüyünün keyfiyyətinin yoxlanılması üçün test oyunu olacaq?
– Bu örtük FIFA tərəfindən təsdiqlənmiş ən yüksək keyfiyyətdir. Bundan daha yaxşısı yoxdur.
– Yarışlar bitdikdən sonra arenanın kiməsə təhvil verilməsi nəzərdə tutulub?
– Xeyr, AFFA-nın balansında olacaq. Yarışlardan sonra uşaq futbolunun bazasına çevriləcək.
– Hazırda FIFA nümayəndələri var?
– Bəli.
– Dünya çempionatından sonra hansısa turnirin keçirilməsi nəzərdə tutulur?
– Uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. Eyni zamanda milli komandalarımızın məşq bazası olacaq.
Ayxan Zayıdzadə