Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2-ci Liqada mübarizə "Şəki Siti"nin futbolçu və məşqçi heyətinin 3 aydır ki, maaş almadığını, bölgə təmsilçisinin çətin duruma düşdüyünü sizlərə çatdırmışıq. Hətta 11-ci turda evdə "Quba"dan aldıqları məğlubiyyətdən sonra komandanın baş məşqçisi Elvin Həsənov Fanat.Az-a verdiyi açıqlamada titul sponsoru "Flyblast"ın komandadan imtina etdiyini, məşqə və oyuna çıxmayacaqlarını, hamılıqla AFFA-ya şikayət edərək pullarını istəyəcəklərini bildirmişdi. Bu açıqlamanın ardından məşq etməyən kollektiv 12-ci tur çərçivəsində dünən "Rekord Arena"da "Araz-Saatlı" üzərində 4:0 hesablı qələbə qazandı.
"Şəki Siti"dəki son vəziyyəti dəqiqləşdirməyə çalışdıq. Məlum oldu ki, AFFA komandanı oyunlara çıxmamaq və quruma kütləvi şikayət ünvanlamaq fikrindən daşındıra bilib. FİF (Futbolun İnkişaf Fondu) isə yeni ilə qədər bütün borcların ödənməsinin təmin olunacağını bildirib. Odur ki, hələ də maaş üzünə həsrət qalan texniki heyətin oyunlara çıxmaq və dekabrın sonunu gözləməkdən başqa yolu qalmayıb. Məsələni diqqətdə saxlayacağıq.
Nihat