Ağ Ev bunun qarşılığında Bakıya öz strateji diqqətini artırır

08.12.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə iki xüsusi məqam daha çox diqqət çəkib. Birincisi, tərəflər strateji tərəfdaşlıq münasibətlərindən irəli gələrək müştərək təhlükəsizlik və regional maraqlar prizmasından prioritetlər formalaşdırıblar. İkincisi isə keçən dövr ərzində Amerika Birləşmiş Ştatları Azərbaycana qarşı Ermənistan məsələsinə görə təzyiqlər həyata keçirib. Başqa tərəfdən Amerika Birləşmiş Ştatları insan hüquqları və demokratiya mövzularını istismar edərək Azərbaycana qarşı hücumlarını davam etdirib".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Aqşin Kərimov Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafından danışarkən bildirdi.

"Bununla belə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrdəki strateji münasibətlər heç vaxt arxa planda qalmayıb. Strateji tərəfdaşlıq Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ikinci müddətə administrasiyası dövründə özünün pik nöqtəsinə çataraq yeni istiqamətlər yaradıb. Yeni istiqamətlər artıq strateji tərəfdaşlıq məsələlərindən çox Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında müttəfiqlik münasibətlərinin formalaşmasına xidmət edəcək bir aktdır.

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları bu yanaşmalardan irəli gələrək öz maraqlarını Cənubi Qafqazda təmin edəcək yeni strateji konturlar axtarırlar. Digər regionda - Mərkəzi Asiya regionunda - Vaşinqtonla Azərbaycan arasındakı əlaqələrin dinamikasında yüksək səviyyəli elementləri biz görə bilərik. Ümumiyyətlə, Ağ Ev regionla əlaqəli siyasətində Azərbaycan xüsusi yer tutur. Çünki Azərbaycan iştirak etmədən Amerika Birləşmiş Ştatları bu regionda maraqlarını təmin edə biləcək vasitələrdən məhrum ola bilər.

Birincisi, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İkincisi, Azərbaycan yeni reallıqlar yarada bilən bir ölkədir və öz hərbi qüdrəti ilə regional dinamikanı, regional balansı xüsusi bir çəkidə dəyişə bilən bir aktordur. Bütün bunları nəzərə alaraq Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri yeni, çoxvektorlu bir mərhələyə qədəm qoyur və burada Azərbaycanın Böyük Britaniya ilə münasibətləri, Azərbaycan-Türkiyə ilə strateji müttəfiqliyi də xüsusi əhəmiyyətə malikdir", - deyə o vurğuladı.

A.Kərimov qeyd etdi ki, digər tərəfdən isə Azərbaycan İranla həmsərhəd bir ölkədir.

"Belə olduğu təqdirdə Azərbaycanın strateji əhəmiyyəti getdikcə Amerika Birləşmiş Ştatlarının gözündə artır və Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampın administrasiyası dövründə Vaşinqtonun öz siyasətində dəyişiklik etməsini xüsusi olaraq təqdirəlayiq bir hal kimi qiymətləndirir. Belə təqdirəlayiq addımlar atmaqla Donald Trampın yürütdüyü siyasətə dəstək verilir, Ağ Ev də bunun qarşılığında Bakıya öz strateji diqqətini artırır", - deyə politoloq əlavə etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью