Ağ Ev: Kaliforniya qubernatorunun Trampa qarşı iddiası acınacaqlı cəhddir

10.06.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Kaliforniya Milli Qvardiyasının əsgərlərinin Los-Ancelesə yeridilməsi qərarına görə Kaliforniya qubernatoru Qavin Nyusomun məhkəməyə müraciət etməsi Ağ Ev tərəfindən sərt şəkildə tənqid edilib.

Bizimyol.info xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bu addımı "acınacaqlı" adlandırıb.

"Nyusom üçün hüquq-mühafizə orqanlarının müdafiəsindən və cinayətkarların məsuliyyətə cəlb olunmasından daha çox öz imicini qorumaq önəmlidir. Bu, həqiqətən də acınacaqlıdır. Prezidentin də qeyd etdiyi kimi, Nyusom əslində Trampa asayişin bərpasına görə təşəkkür etməlidir", – deyə Kelli CNN telekanalına verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, Nyusomun 9 iyun tarixində Kaliforniya Ştatının Şimal Dairə Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində təkcə Prezident Tramp deyil, həmçinin ABŞ müdafiə naziri vəzifəsini icra edən Pit Heqset də cavabdeh kimi göstərilib. Kaliforniya baş prokuroru Rob Bonta ilə birlikdə Nyusom məhkəmədən Prezident və Müdafiə Nazirliyinin Los-Ancelesə Milli Qvardiya qüvvələri göndərmək qərarının qeyri-qanuni hesab olunmasını istəyir.

Ştat rəhbərliyi bildirir ki, bu cür federal müdaxilə "ştatın öz Milli Qvardiyası üzərində suveren idarəetmə hüququnu pozur" və nəticə etibarilə Kaliforniyanı fövqəladə hallarda öz vətəndaşlarını qorumaq üçün vacib resurslardan məhrum edir.

ABŞ mediasının daha əvvəl verdiyi məlumata görə, 6 iyun tarixində Los-Ancelesdə qanunsuz miqrantlara qarşı genişmiqyaslı həbslər başlanıb. 7 iyun axşamına qədər azı 44 nəfər miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Polis əməliyyatlarına cavab olaraq şəhərdə etiraz aksiyaları və iğtişaşlar başlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью