Olke.az saytına istinadən Icma.az xəbər verir.
Fevralın 1-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarının ABŞ nümayəndələrinin iştirakı olmadan, ikitərəfli formatda baş tutması sülh prosesində keyfiyyətcə yeni mərhələnin başlağıcı hesab etmək olar. Bu addım sadəcə texniki dəyişiklik deyil, danışıqların mahiyyəti və gələcək trayektoriyası baxımından mühüm siyasi siqnaldır.
ABŞ dövlət katibi Marko Rubionun Senatın Xarici Əlaqələr Komitəsində verdiyi açıqlama göstərir ki, Vaşinqton hazırkı mərhələdə birbaşa masada yer almaqdansa, prosesin kənarından gedişatı izləməyə üstünlük verir. Bu isə o deməkdir ki, münaqişə tərəfləri olan Kiyev və Moskva artıq problemlərin həllinə dair birbaşa məsuliyyəti öz üzərlərinə götürməli olacaqlar.
Vasitəçisiz format nə deməkdir?
Danışıqların ikitərəfli formata keçməsi bir neçə məqamı ortaya qoyur:
Mövqelər kifayət qədər aydınlaşıb.
Əvvəlki üçtərəfli məsləhətləşmələrdə əsas fikir ayrılıqları identifikasiya olunub və müzakirə dairəsi daraldılıb.
Tərəflər kompromisin siyasi məsuliyyətindən yayınmaq istəmirlər.
ABŞ-ın masada olmaması mümkün razılaşmaların “xarici təzyiq” kimi təqdim edilməsinin qarşısını alır.
Prosesin gizli və qapalı xarakteri güclənir.
Bu isə kompromis tapmaq şansını artırır, lakin eyni zamanda ictimai rəy üçün risklidir.
Rubionun “ABŞ-ın iştirakı mümkündür” açıqlaması göstərir ki, Vaşinqton prosesi tam tərk etməyib, lakin yalnız müəyyən mərhələdə razılaşma konturları formalaşdıqdan sonra aktivləşə bilər.
Danışıqlaırn düyün nöqtəsi yendə də Donbasdır
Hazırda danışıqların mərkəzində tək bir əsas məsələ dayanır-Donbasın statusu. Bu, həm siyasi, həm hərbi, həm də hüquqi baxımdan ən çətin mövzudur.
Marko Rubionun da etiraf etdiyi kimi, Donbas Ukrayna ilə Rusiya arasında “aradan qaldırılması son dərəcə çətin olan əsas fikir ayrılığıdır”. Tərəflər müzakirə mövzularını bu mərkəzi məsələyə qədər daralda bilsələr də, onun həlli hələ qarşıda “keçilməmiş körpü” olaraq qalır.
Moskvanın mövqeyi aydındır:
Rusiya tam nəzarət etmədiyi Donetsk vilayətinin təxminən 20%-nin Ukrayna tərəfindən təhvil verilməsini tələb edir.
Prezident Vladimir Putin açıq şəkildə bəyan edib ki, Kiyev razılaşmaya getməzsə, Donbas tam şəkildə zor gücü ilə ələ keçiriləcək.
Hazırda Rusiya qüvvələri Donbasın təxminən 90%-nə nəzarət edir. Lakin beynəlxalq hüquq baxımından Donetsk Ukraynanın bir hissəsi kimi tanınır və Kiyev üçün ərazi güzəşti siyasi baxımdan son dərəcə ağrılı qərardır.
Təhlükəsizlik zəmanətləri və real vəziyyət
Ərazi məsələsi ilə paralel olaraq, danışıqların ikinci əsas sütunu Ukraynanın təhlükəsizlik zəmanətləridir. Burada da ciddi ziddiyyətlər mövcuddur.
Rubionun açıqlamaları bu məsələdə bir neçə mühüm reallığı üzə çıxarır:
Ukrayna üçün təhlükəsizlik zəmanətləri yalnız razılaşma əldə edildikdən sonra qüvvəyə minə bilər.
Avropa ölkələrinin (əsasən Fransa və Böyük Britaniya) məhdud hərbi kontingent yerləşdirməsi yetərli deyil.
ABŞ-ın açıq və konkret təhlükəsizlik dəstəyi olmadan bu zəmanətlərin praktiki əhəmiyyəti yoxdur.
Rubio açıq şəkildə etiraf edir ki, Avropa son 20–30 ildə müdafiəyə kifayət qədər investisiya qoymadığı üçün ABŞ-ın dəstəyindən asılı vəziyyətdədir. Bu isə o deməkdir ki, Kiyev üçün etibarlı təhlükəsizlik modeli ABŞ faktoru olmadan mümkün deyil.
Eyni zamanda, Rusiyanın Ukrayna üçün hər hansı uzunmüddətli təhlükəsizlik zəmanətlərinə razılığı hələ də alınmayıb.
Mövcud mənzərə göstərir ki, sülh danışıqları real mərhələyə daxil olub, lakin bu mərhələnin ən çətin hissəsi indi başlayır. Danışıqların düyün nöqtəsi iki əsas sual ətrafında cəmlənib:
Kiyev Donbasda ərazi itkisini qəbul edəcəkmi?
Əvəzində real və etibarlı təhlükəsizlik zəmanətləri ala biləcəkmi?
Bu suallara müsbət cavab tapılmadan sülh razılaşması mümkün deyil. Vasitəçisiz format tərəfləri daha səmimi danışıqlara məcbur etsə də, kompromisin siyasi və tarixi qiyməti son dərəcə ağırdır.
Bir sözlə, Əbu-Dabi görüşü sülhün başlanğıcı ola bilər, amma eyni zamanda münaqişənin taleyini müəyyən edəcək ən riskli mərhələdir. Burada veriləcək qərarlar təkcə Ukrayna və Rusiya üçün deyil, Avropanın təhlükəsizlik arxitekturası üçün də uzunmüddətli nəticələr doğuracaq.
Mürtəza