Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Buzlaqlar əridikcə sular axıb gedəcək, çaylar dayazlaşacaq
Bir vaxtlar Azərbaycanın uca dağ zirvələrini ağ örpək kimi bürüyən buzlaqlar gözümüzün qarşısında əriyib yoxa çıxır. Bazardüzü, Şahdağ və Tufandağın yamaclarında baş verənlər ilk baxışdan sadəcə təbiətin dəyişən mənzərəsi kimi görünə bilər. Amma məsələ bundan qat-qat ciddidir. Çünki dağlarda itirdiyimiz buz sabah çaylarımızda, əkin sahələrimizdə, hətta içməli su ehtiyatlarımızda hiss olunacaq.
Rəqəmlər isə vəziyyətin nə qədər narahatedici olduğunu göstərir. Son 65 ildə Azərbaycanın Böyük Qafqazdakı buzlaq ehtiyatlarının həcmi 98,4 faiz azalıb. Ölkədə cəmi 14 aktiv buzlaq qalıb. Başqa sözlə, dağlarımızın ağ tacı sürətlə əriyir, onunla birlikdə gələcəyimizin mühüm su ehtiyatlarından biri də əlimizdən çıxır. Bəs bu dəyişikliklər həyatımıza necə təsir edəcək?
Rəqəmlərin həyəcan təbili
Buzlaqların əriməsi ilə bağlı narahatlıq artıq təkcə alimlərin müşahidələrinə deyil, beynəlxalq hesabatlara da əsaslanır. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2025-ci il dekabrın 11-də açıqladığı hesabatına görə, 2000–2020-ci illərdə Azərbaycanda buzlaqların sahəsi 77 faiz, Gürcüstanda isə 24 faiz azalıb. Bu fərq Azərbaycanın yüksək dağlıq ərazilərinin iqlim dəyişmələrinin təsirlərinə həssaslığını göstərir.
Buzlaqların sürətlə əriməsi qlobal miqyasda milyardlarla insanın su təhlükəsizliyini təhdid edən əsas ekoloji problemlərdən biridir. Məsələ “Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi” mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə də müzakirə olunub. Tədbirdə çıxış edən Baş nazirin müavini Teymur Musayev Qafqaz dağlarının Azərbaycan üçün həyati əhəmiyyət daşıyan su mənbələri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Qusarçay hövzəsində buzlaqlarla bağlı ilk rəsmi məlumatlar 1890-cı ilə aiddir. Son illərdə aparılan müşahidələr isə ərimə prosesinin əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir. “Azərkosmos”un peyk məlumatlarına əsasən, 2017–2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb. Qusarçay hövzəsində son 19 ildə aparılan tədqiqatlar da qar örtüyünün su ehtiyatlarının formalaşmasındakı payının azaldığını ortaya qoyub.
Buzlaqların vəziyyətinə dair daha dəqiq mənzərə 2026-cı il mayın 6-da “Remote Sensing” jurnalında dərc olunan elmi araşdırmada əksini tapıb. Üçmetrlik yüksək ayırdetməli peyk görüntüləri əsasında aparılan inventarlaşdırmaya görə, Böyük Qafqaz silsiləsində ümumilikdə, 2341 buzlaq var. Onların ümumi sahəsi 964 kvadratkilometrdir. Azərbaycanda isə cəmi 14 aktiv buzlaq qeydə alınıb və onların sahəsi 0,51 kvadratkilometr təşkil edir.
Lakin problemin daha narahatedici tərəfi buzlaqların həcminin kəskin azalmasıdır. 2026-cı ilin oktyabrında “Remote Sensing” jurnalında dərc olunan başqa bir araşdırmaya əsasən, Azərbaycanın Böyük Qafqazdakı buzlaq ehtiyatlarının həcmi 1960-cı ildəki 0,25 kubkilometrdən 2025-ci ildə 0,004 kubkilometrə qədər azalıb. Bu, 65 il ərzində buzlaq həcminin 98,4 faizinin itirilməsi deməkdir. Burada mühüm bir fərqi nəzərə almaq lazımdır: 98,4 faizlik azalma buzlaqların sahəsinə deyil, həcminə aiddir. UNEP-in 2025-ci il hesabatında göstərilən 77 faizlik azalma isə 2000–2020-ci illərdə buzlaqların sahəsini əhatə edir. Yəni rəqəmlər fərqli dövrləri və ölçmə göstəricilərini əks etdirsə də, eyni reallığı təsdiqləyir: Azərbaycanda buzlaq ehtiyatları sürətlə tükənir.
Deməli, söhbət yalnız dağ zirvələrində buzlaqların kiçilməsindən getmir. Min illər ərzində formalaşmış, çayların qidalanmasında və su ehtiyatlarının qorunmasında mühüm rol oynayan təbii sərvət itirilir. Rəqəmlər artıq sadəcə xəbərdarlıq etmir, həyəcan təbili çalır. Bu prosesin nəticələrinin azaldılması, buzlaq ehtiyatlarının qorunması və iqlim dəyişmələrinə uyğunlaşma isə təxirəsalınmaz vəzifədir.
Qar örtüyü kiçilir, suyun yolu dəyişir
Buzlaqların geri çəkilməsinin əsas səbəblərindən biri də qar xəttinin yüksəlməsidir. Qar xətti dağlarda qarın ilboyu qaldığı ən aşağı yüksəklik həddidir. Bu sərhəd yuxarı qalxdıqca daimi qar örtüyünün sahəsi azalır və buzlaqların yeni qarla qidalanması çətinləşir. Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Həsən Nəbiyev bildirir ki, əvvəllər qar xətti təxminən 3500 metr yüksəklikdə qəbul edilirdisə, indi bu göstərici 3900 metrə çatıb.
İlk baxışda 400 metrlik fərq elə də böyük görünməyə bilər. Amma dağ ekosistemləri üçün bu, ciddi dəyişiklikdir. Qar örtüyünün azalması buzlaqların qışda topladığı ehtiyatı azaldır. Yayda daha çox buz əriyir, qışda isə itirilən kütləni bərpa etmək üçün kifayət qədər qar toplanmır. Beləcə, buzlaq ildən-ilə zəifləyir. Həsən Nəbiyevin sözlərinə görə, temperaturun yüksəlməsi buxarlanmanı artırır, yağıntıların azalması isə yeraltı su ehtiyatlarının yenilənməsini çətinləşdirir. Bütün bunlar çayların su rejiminə də təsirsiz ötüşmür. Alim xüsusilə Quba–Xaçmaz bölgəsindəki vəziyyətə diqqət çəkir. Bu ərazidəki bir sıra çaylar əsasən qar və buzlaq suları hesabına qidalanır. Deməli, dağlarda buz ehtiyatlarının azalması gələcəkdə həmin bölgənin şirin su təminatını da çətinləşdirə bilər.
Sular axıb gedəcək
Buzlaqlar sürətlə əriməyə başlayanda çaylarda suyun miqdarı da artır. İlk baxışdan elə görünür ki, buzlaqlar əriyirsə, deməli, suyumuz da çoxalır. Amma bu, aldadıcı bolluqdur. Çünki buz ehtiyatları azaldıqca çaylara axan su da tədricən azalır. Alimlər bu prosesi “pik su” (peak water) adlandırırlar. Yəni buzlaqların çaylara ən çox su verdiyi hədd. Bu mərhələdən sonra vəziyyət dəyişir: buzlaqlar əvvəlki qədər su vermir və su qıtlığı riski getdikcə artır. Ümumdünya Meteorologiya Təşkilatı da Qafqaz kimi kiçik buzlaqların üstünlük təşkil etdiyi bəzi regionların artıq bu mərhələyə çatdığını bildirir.
Bəs bu, Azərbaycan üçün nə deməkdir? İlk növbədə, yay aylarında çaylarda suyun azalması. Bu, fermerlərin əkin sahələrini suvarmasını çətinləşdirir, məhsuldarlığa mənfi təsir göstərir. Kiçik su elektrik stansiyalarının fəaliyyəti də çaylarda suyun azalmasından zərər görür. Yəni söhbət təkcə buzlaqların əriməsindən və ekoloji dəyişikliklərdən getmir. Bu proses gündəlik həyatımıza, kənd təsərrüfatına və iqtisadiyyatımıza da təsir edir.
Üstəlik, Azərbaycanda suya tələbat onsuz da yüksəkdir. UNEP-in hesabatına görə, ölkədə yeraltı sulardan götürülən suyun həcmi 2000-ci illə müqayisədə 4 dəfə artıb. Bu da göstərir ki, suya olan ehtiyacımızı ödəmək üçün getdikcə daha çox yeraltı mənbələrə üz tuturuq. Ancaq bir məqamı unutmayaq: yeraltı sular da sonsuz deyil. Onlardan həddindən artıq istifadə etsək, bu gün çıxış yolu kimi gördüyümüz mənbə sabah başqa bir problemə çevriləcək.
Ona görə də buzlaqlar əriyir, çaylarda su artır deyə arxayınlaşmaq olmaz. Bugünkü müvəqqəti su bolluğu əslində gələcək qıtlığın ilk siqnalıdır. Əsas məsələ suyumuz hələ varkən onu qorumaq, itkiləri azaltmaq və mövcud ehtiyatlardan daha ağıllı istifadə etməkdir.
Su ehtiyatımızı qorumaq üçün nə edirik?
Buzlaqların əriməsini bir anda dayandırmaq mümkün deyil. Amma bu gün atacağımız addımlarla gələcəkdə üzləşə biləcəyimiz su probleminin qarşısını müəyyən qədər almaq mümkündür. Bunun üçün təkcə iqlim dəyişikliyi ilə mübarizə aparmaq deyil, mövcud su ehtiyatlarından necə istifadə etdiyimizə də diqqət yetirmək lazımdır. Çünki suyun hər damlasını qorumaq artıq seçim deyil, zərurətdir.
Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər görülür. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, 2025-ci ildə ölkə üzrə 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib. Bununla yanaşı, su itkilərinin azaldılması məqsədilə kanalların və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi işləri də aparılıb. Həmin il ölkənin bütün su mənbələrindən 11,5 milyard kubmetr su götürülüb. Bunun 7,5 milyard kubmetri hesabına 1 milyon 485 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Bu rəqəmlər ölkəmizin suya olan tələbatının miqyasını aydın göstərir. Eyni zamanda, mövcud ehtiyatlardan daha səmərəli istifadə etməyin, su itkilərini minimuma endirməyin və müasir suvarma texnologiyalarını geniş tətbiq etməyin nə qədər vacib olduğunu ortaya qoyur.
Ancaq su problemi yalnız Azərbaycanın qarşılaşdığı çətinlik deyil. İqlim dəyişikliyi bütün dünyada buzlaqların əriməsini sürətləndirir və gələcək su ehtiyatları ilə bağlı ciddi narahatlıq yaradır. Alimlərin proqnozları isə vəziyyətin yaxın illərdə daha da mürəkkəbləşə biləcəyini göstərir. 2026-cı il oktyabrın 8-də “npj Climate and Atmospheric Science” jurnalında dərc olunan elmi araşdırmada qlobal istiləşmənin hazırkı sürəti davam edərsə, 1,5°C həddinin 2028-ci ildə keçilə biləcəyi proqnozlaşdırılır. Tədqiqatçılar son illərdə temperatur artımının sürətlənməsinə xüsusi diqqət çəkirlər.
Qlobal istiləşməni məhdudlaşdırmaq isə buzlaqların gələcəyi baxımından həyati əhəmiyyət daşıyır. Temperatur artımının azaldılması onların ərimə sürətini yavaşıda bilər. Lakin uzunmüddətli perspektivdə buzlaqlardan, daimi qar örtüyündən və digər donmuş su ehtiyatlarından ibarət kriosferin sabitliyini qorumaq üçün daha ciddi iqlim tədbirlərinə ehtiyac var. Bu səbəbdən alimlər karbon emissiyalarının mümkün qədər tez və kəskin azaldılmasına çağırırlar.
Bir sözlə, dağlarımızdakı buzlaqları qorumaq üçün mübarizə yalnız zirvələrdə aparılmamalıdır. Bu mübarizə həm də şəhərlərdə, kəndlərdə, sənayedə və kənd təsərrüfatında sudan daha qənaətlə istifadə etməklə başlamalıdır. Çünki gələcəyin su təhlükəsizliyi bu gün verdiyimiz qərarlardan asılıdır.
P.ƏFƏNDİYEV
XQ