Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
XQ-yə özəl
Azərbaycanda milli süni intellekt etikası üzrə müxtəlif sektorları təmsil edən məsləhət şurasının yaradılması gündəmə gəlib. Bu təklif ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının (AmCham) hazırladığı “Ağ sənəd” hesabatında yer alıb. Qeyd edilir ki, belə bir şuranın yaradılması ölkədə qlobal çərçivələri yerli dəyərlərə və hüquqi strukturlara uyğunlaşdırmaq, ictimai etimadı gücləndirmək və məsuliyyətli innovasiyanı dəstəkləmək baxımından mühüm addım ola bilər.
“AmCham” vurğulayır ki, Azərbaycan beynəlxalq Sİ idarəçilik təşəbbüslərində fəal iştirak etməlidir. Xüsusilə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Süni İntellekt Tərəfdaşlığı (GPAI), UNESCO-nun Sİ etik proqramları və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Sİ üzrə işçi qruplarında ölkəmizin fəal olması tövsiyə edilir. Bu addımlar Azərbaycan qanunvericiliyinin gələcəkdə qabaqcıl qlobal təcrübələrlə uyğunlaşdırılmasına, beynəlxalq texniki bilik və ekspertizaya çıxış əldə etməsinə və etik, şəffaf, insan mərkəzli Sİ standartlarının formalaşdırılmasında pay sahibi olmasına imkan yaradacaq.
Məlumdur ki, ölkəmiz sürətlə dəyişən texnologiyalar fonunda məlumat məxfiliyini, şəffaflığı və cəmiyyətin etimadını qorumaqla Sİ sahəsində hərtərəfli normativ-etik çərçivə formalaşdırmaqda çətinliklərlə üzləşir. Hazırda vahid standartların olmaması səbəbindən gələcəkdə tənzimləmədə parçalanma yaranması, qlobal uyğunluğun zəifləməsi riski mövcuddur. Bu kimi boşluqlar həm də Sİ innovasiyalarına potensial investor etimadının azalmasına səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, məhz beynəlxalq standartlara uyğunlaşma bu riskləri azaltmaq üçün vacibdir. Milli etik şuranın yaradılması da bu konteksdə Sİ-nin inkişafına dair qərarların daha məsuliyyətli və etibarlı çərçivədə qəbuluna yardım edəcək bir addım kimi görülür.
Hesabatda süni intellekt sahəsində kadr hazırlığı və savadlılığın artırılması da xüsusi önəm daşıyır. Qeyd olunur ki, süni intellekt savadlılığının yüksəldilməsi gələcəyin işçi qüvvəsinin formalaşdırılması üçün həlledici amildir. Bu məqsədlə, məktəblərdən başlayaraq universitetlərə qədər təhsil proqramlarının müasir Sİ alət və mexanizmlərini əhatə edəcək şəkildə yenilənməsi tövsiyə edilir. Yeni kurikulumlar təkcə texniki bilikləri deyil, eyni zamanda, etik bilik və dəyərləri də aşılamalıdır ki, gələcəyin mühəndisləri və tədqiqatçıları süni intellektdən məsuliyyətli istifadə etsinlər.
Hesabat konkret addımlar da təklif edir. Orta və ali təhsil səviyyələrində süni intellektin əsasları və maşın öyrənməsi modulları tədrisə daxil edilməlidir. Müxtəlif ixtisaslarda çarpaz Sİ savadlılığı (məsələn, hüquqşünaslar üçün "Sİ + Hüquq", tibb tələbələri üçün "Sİ + Tibb") təşviq olunması gənc mütəxəssislərin hər sahədə süni intellekt anlayışına malik olmasını təmin edər. Müəllimlərin rəqəmsal alətlər və süni intellekt anlayışları üzrə təlimi də vacibdir ki, onlar yeni proqramları effektiv şəkildə həyata keçirə bilsin.
Bundan əlavə, məktəblərdə kodlaşdırma və robotexnika klublarının dəstəklənməsi, eləcə də texnologiya şirkətləri ilə birgə “Sİ bootcamp”lərinin keçirilməsi təklif olunur. Bu kimi təşəbbüslər şagird və tələbələrə erkən yaşdan innovativ düşüncə və praktiki bacarıqlar aşılamaq məqsədi daşıyır. Həmçinin ölkə miqyasında innovasiya və maarifləndirmə məqsədilə süni intellekt müsabiqələrinin təşkil edilməsi gəncləri təşviq edərək, süni intellekt sahəsində istedadların üzə çıxmasına şərait yaradacaq.
Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasından (AİKTSA) XQ-yə bildirildi ki, süni intellekt etikası üzrə məsləhət şurasının yaradılması məsələsi, AİKTSA-nın apardığı araşdırmalarla da üst-üstə düşən strateji bir addımdır:
– AİKTSA ekspertlərinin araşdırmasının nəticəsinə görə, ölkədə süni intellektin sürətli tətbiqi fonunda məlumatların məxfiliyi və alqoritmik şəffaflıq məsələlərində ciddi hüquqi-etik boşluqlar yaranmaqdadır. Bu boşluqlar tənzimlənmədikdə, rəqəmsal sistemlərin qəbul etdiyi qərarların qərəzliliyi və ya şəxsi həyata müdaxilə riskləri cəmiyyətdə texnologiyaya qarşı inamsızlıq yaradır ki, bu da rəqəmsal transformasiya prosesini daxildən ləngidə bilər.
Qlobal trendlərə uyğun olaraq belə bir şuranın formalaşdırılması Azərbaycanın beynəlxalq rəqəmsal bazarlara inteqrasiyası və investor etimadının qazanılması üçün zəruridir. Ekspertlər qeyd edirlər ki, beynəlxalq standartlarla uyğunlaşma olmadıqda yerli texnoloji ekosistemin qlobal sistemlərdən təcrid olunma və tənzimləmə parçalanması ilə üzləşmə ehtimalı artır. Şuranın yaradılması həm “deepfake” kimi manipulyativ təhdidlərin qarşısında hüquqi süzgəc rolunu oynayacaq, həm də süni intellektin tətbiqi zamanı milli maraqların və etik normaların qorunmasını təmin edən bir mexanizm kimi çıxış edəcəkdir.
“AmCham”ın “Ağ Sənəd 2025” hesabatındakı bu tövsiyələr ölkəmizin rəqəmsal gələcəyə hazırlanması yolunda atılacaq addımlar üçün yol xəritəsidir. Milli süni intellekt etikası şurasının təsis olunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təhsildə aparılacaq islahatlar Azərbaycan cəmiyyətində süni intellektə dair etimadın formalaşmasına, innovasiyaların məsuliyyət çərçivəsində inkişafına xidmət edəcək. Bu, ölkəmizin qlobal rəqəmsal transformasiya prosesində həm ayaqlaşmasını, həm də öz dəyərlərini qorumaqla qabaqcıl mövqeyə çıxmasını təmin edə bilər.
Nurlan ABDALOV
XQ