Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mənə elə gəlir ki, birşair kimi Ağamalı Sadiqin yaradıcılığına qiymət vermək, onunpoeziyamızda yerini və səviyyəsini müəyyənləşdirmək üçünonun ixtiyari bir şeirini oxumaq kifayət etmiş olar...
Xalqımıza görkəmli dövlət xaimləri, elm adamları, irfan şəxsiyyətlər bəxş etmiş İncə Dərəsi ölkəmizdə və onun hüdudlaından kənarda ən çox sazlı-sözlü insanları ilə məşhurdur. Əslən İncə dərəsindən idi Ağamalı Sadiq də... Azman şairimizAkif Səməd yazırdı: “Aşıq Cəlalı, aşıq Avdını, İncə Dərəsini o kəşf eləmişdi. Bəli, qədim İncə Dərəsinin sazının fəlsəfəsini tapmışdı.”
Ağamalı Sadiq yazılarının birində özü İncə dərəsini belə təqdim edirdi: “İncə dərəsi Azərbaycanın qədim qəzalarından olan Qazaxdan xeyli aralı, başı bəyaz şallı dağların ətəyində yerləşir. Bu dərə üç böyük kəndi – Asdanbəylini, Qaymaxlını və Kəmərlini özündə birləşdirir... İncə dağlarının qüzeyində quzular mələşər, ğüneyində bulaqlar söyləşər, ətəyində ərənlər güləşər... Və bu üç kəndin camaatı elə İncə dərəsindən aralanan kimi dönüb olarlar ancaq və ancaq incəli. Ta hansı kənddən, hansı məhəllədən olduğunu xırdalamağa ehtiyac qalmır. Mənimçün Azərbaycan elə burdan başlanır.”
Ağamalı Sadiqlə bircə dəfə, uşaqlıq dostum, əmimi olğlu Nəsiminin vasitəsi ilə təmasda olmuşdum. Təpədən dırnağa, şeir dəlisi, saz həvəskarı olan, hərdən özü də maraqlı şeirlər yazan Nəsimi, Ağamalı Sadiq şəxsiyyətinin və yaradıcılığının vurğunu idi. Dəqiq yadımda deyil, deyəsən 80-ci illərin sonuna yaxın vaxtlarda, günlərinbirində mənə dedi ki:“Ağamalı Sadiq İncə dərəsindədir. Görüşə məni də dəvət ediblər. Gəl gedək bir yerdə“...Tərəddüd etmədən razılaşdım. Məclis ətrafında görüşdük onunla.Tökmə bədənli, ciddi görkəmli, köhnə kişiləri xatırladan, lakin kövrək qəlbli, içi sözlə, havacatla, qımqımı ilə dolu olan bu kişi ilə bircə görüş məndə, onun haqqında bütün mənalarda son dərəcə maraqlı bir insan təsiri bağışlamışdı.Həmin məclisdə yaddaşımda qalan “Anama”şeirini də həmin gün şairin öz səsində eşitmişdim:
Biz altı uşaqdıq, qayğısız, qəmsiz.
Dünya da bizimlə yaşıd olardı.
Körpə nəfəsliydi köhnə nənnimiz.
Kökləyib könlünü bayatı üstə,
Anam sonbeşiyə layla çalardı...
...Fəsillər...fəsillər...nə yaman ötdü,
Bir-bir pərvazlanıb uçdu balalar,
Gah əsgər pencəyi geyməyə getdi,
Gah “Vağzalı” üstə köçdü balalar.
Balalar gəlmədi şəhərli oldu,
Yurdda ocaq yanır, yandıranı sən,
İntizar gözlərin ypollarda qaldı,
Yollar da uzandı axır deyəsən...
Nə qədər həyati bir şeir.Yaşanmış həzin xatirələrlə, kövrək hisslərlə qələmə alınmış bu şeirdə, şair“köhnə nənni”, ”bayatı”, “ana laylası”, “əsgər pencəyi”, “Vağzalı” və digər ifadələri işlətməklə əslində kənddə yaşayan bir ailənin bütöv bir ömrününpoetik səlnaməsini yaratmışdır...
Çox təəssüf ki,bu görüşdən başqa mənim onunla heç vaxt təmasım olmadı və indin bu yazı üzərində işləyəndə Ağamalı Sadiq haqqında fikirlərimi ifadə etmək üçün onun yaradıcılığı, haqqında eşitdiyim və oxuduğum xatirələr mənə bələdçilik etməli olacaq.
Ağamalı Sadiq haqqında xatirələri, söhbətləri ən çox şair, rəssam və heykəltəraş, mərhum dostum Məmməd Dəmirçioğlundan eşitmişdim. Dəmirçioğlunun söhbətlərinin başlanğıcı da, sonu da Ağamalı Sadiq, Məmməd İlqar və Akif Səməd olardı. Ən çox xatırladığı da Ağamalı Sadiq idi:”Ağamalı Sadiq deyəndə, ilk olaraq İncə dərəsi, İncə dərəsi deyəndə, ilk olaraq Ağamalı Sadiq yada düşür...Məmməd İlqar içi qarışıq, əlinə qələm götürüb şeir yazan hər bir incəli onu özünə mürşüd sayıblar”...
Sazlı-sözlu İncə dərəsinin yaradıcı adamlarının əksəriyyətininyaradıcılığı haqqında araşdırmalaraparmış, məqalələr yazmışam.Bu bölgənin yaradıcılıq mühitinə yaxından bələdəm. Ancaq İncəli şairlərin Mürşidi sayılan Ağamalı Sadiq haqqında indiyədək yazı yazmamışdım. Bəlkə də çürət etməmişdim... Gələn ilin martında Ağamalı Sadiqin 80 yaşı tamam olur. Eşitdim ki, onun “müridləri”, başda şair Mahmud Vəli olmaqla bu əlamətdar günə bir toplu hazırlamaq istəyirlər. Dostum Mahmud Vəlinin təklifi ürəyimcə oldu. Deməli məqam indi imiş.
Və budur, Ağamalı Sadiqin ölümündən bir il sonra nəşr olunan, 83 şeiri və bir poeması toplanmış “qara cildli” “Əyil səndən keçim dünya” adlı şeirlər kitabı xeyli vaxtdır ki, yazı masamın üzərindədir. Şeirləri təkrara-təkrar oxuyuram və oxuduqca böyük istedad və poetik qüdrət sahibi olan bu kişinin vaxtsız gedişinə min dəfə təəssüf edirəm...
Kim idi Ağamalı Sadiq Əfəndi? Qara cildli kitaba “Ön söz yerinə doct sözü” yazmış şairin dostu Akif Səməd yazırdı: “Ağamalı bəyin ömrü qırılmadı yarıda. Şamıydı,əridi. Əridi-söndü. ”Qırmızı qaranlığı” əritmək üçün əlindən gələni etdi”...
Sözsüz ki, Ağamalı SadiqAzərbaycanın müstəqillik dövr tarixinə, xalqımızın yaddaşına həm bir dissident şair- yazıçı kimi, həm milli azadlıq hərəkatının təşkilatçılarından və öncüllərindən biri kimi, həm müstəqil Azərbaycan mətbuatının (həm də müxalif mətbuatın)əsasını qoyanlardan biri kimi, həm də alovlu publisist kimi daxil olub. Ancaq bu yazıda mən onu mənim dərk etdiyim və başa düşdüyüm bir şair kimi incələmək istəyirəm.
Maraqlı odur ki, müəllifin hər bir şeiri ayrıca bir təhlilin mövzusudur.Ancaq təəssüf ki,mən bu kiçik yazıda o imkandan məhrumam və istəyirəm fikirlərimi onu bir neçə şeirinə münasibətimi bildirməklə kifayətlənim. Sözsüz ki, ilk diqqətimi çəkən də onun dillər əzbəri olan “Əyil səndən keçim dünya” şeiri oldu.Şeirdünyaya qarşı qəzəb və nifrət saçan, son dərəcə sərt və üsyankar poetik ifadələrlə başlayır və elə birinci sətrlərdən oxucunu öz cazibə qüvvəsinə salır:
Dünya sənin anan ölsün,
Bic oğlu, bic dünyasanmış.
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış.
Çırpındım uça bilmədim
Barından keçə bilmədim
Elə qapıların oldu,
Qılıqsız keçə bilmədim,
Anan olsun, gidi dünya.
Şeirin nümunə gətirdiyim bu iki bəndində müəllifcanlı xalq danışıq dilindən və ifadələrindən məharətlə istifadə edərək dünyaya itehzailə,sərt və ironik şəkildə müraciət edir və onaüsyan edir.Əslində bu üsyanmüəllifin cəmiyyətdə kök salmışyaltaqlıq, biclik, hiyləgərlik kimi insan münasibətlərinə şairin etirazının və çağırışının poetik ifadəsi idi.
Şeirin finalı daha maraqlı və heyrətamizdir, oxucunu düşünməyə vadar edir, mübarizəyə, ölümsüzlüyə səsləyir. Həmin misralara diqqət yetirək:
Bundan anrı ucalım yox,
Dayanmağa macalım yox,
Yüz dəfə öldüm, dirildim,
Mən Adəməm acalım yox
Əyil, səndən keçim, dünya.
“Əyil səndən keçim dünya” misrasıisə şeirin kuliminasiya məqamıdır. Bu ifadə müəllifin, şeirin qəhrəmanından dünyanın qarşısında dayanmaq deyil, onu aşmaq, onun maneələrini dəf etmək tələbidir. Müəllif, yüz dəfə ölüb-dirildiyini söyləyən insanın əcəlinin olmadığını bəyan edir. Bu, fiziki ölümsüzlük iddiasından çox, insan ruhunun yenilməzliyinin poetik ifadəsidir.
Şeirin bu sonluğu dünyaya qarşı üsyanla yanaşı, həm də insanın öz ömrü və taleyi üzərində mənəvi hökmranlıq arzusunu da ifadə edir.
Ağamalı Sadiq Əfəndinin şeirlərini oxuduqca yaşantılarını, ağrı və acılarını, hiss və hyacanlarını duymamaq üçün kərək daş olasan. Əslində bu şeirlərin hər biri müəllifin poetik tərcümeyi - halıdır. Diqqət yetirin onun, gənclik dostu, əqidə və qələm yoldaşı şair Məmməd İlqara xitabən yazdığı şeirə. Həmin şeiri kiçicik ixtisarla dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm:
İşdi, bir gün məni səndən sorsalar
De ki, o da yandığını yazardı.
De ki, onu alıb getdi ruzigar,
O hardasa indi bir tək məzardı.
De ki, o da belə, bir cür adamdı,
Qohum-qardaş susamışdı qanına.
De ki, bir gün bu dünyaya sığmadı,
Uçub getdi yaradanın yanına.
De, yurdunda yalqız idi o qərib,
Damağında doğma torpaq, daş dadı.
De hardasa məzarından göyərib,
Bəlkə yenə yaşamağa başladı.
Ağamalı Sadiqinsənətkarlıq və poetik qüdrəti bu 48 illik keşməkeşlərlə və mübarizələrlə dolu kişi ömrünü, əzablı şair ömrünü bu şeirə sığışdıra bilib. Yazdıqlarının hamısını yandığından yazırdı. Özünü Simurq quşu kimi oda çırparaq məqsədinə çatmaq üçün, bu odda da yana-yana yazdı:
Mənim sözüm adam sözü, el sözü,
El oxuyar, elə qurban olum mən.
Kəlmə-kəlmə yelə verin, yandırın,
Yel oxuyar, yelə qurban olum mən.
Ağamalı Sadiqin bütün müasirləri, onunla təmasda olan, onu tanıyan hər kəs bilirdi ki, o çox gözəl saz çalır və aşıq havalarını da xüsusi bir şövqlə və özünəməxsusu məlahətlə oxuyurdu. Şairin dostu, sazı dilləndirməkdə heç də Ağamalı Sadiqdən geri qalmayan mərhum dostumuz Məmməd Dəmirçioğlu yazırdı: ” Qəribə saz çalıb-oxumağı var idi. Çox ustad aşıqlara qulaq asıb, heyranlıqla sazın sehrinə düşüb, tilsimləndiyim anlarım çox olmuşdu. Ancaq heç bir ustad aşıq, hec bir saz havacatı Ağamalı Sadiqin eşqindən süzülən sirlər, sehirlər qədər məni ovsunlaya bilməmişdi. Nəsə, başqa cür çalıb-oxuyurdu o”. Ağamalı Sadiq Əfəndinin folklorumuza, saz alətinə, aşıq havalarına olan qeyri-adi münasibətini dəyərli oxucularımıza çatdırmaq üçünmən yenə də azman şairimiz Akif Səmədə istinad etməli oluram:“Sazı sanki əjdaha ağzından qapmışdı, balası kimi oxşayırdı. Özü də saza oxşayırdı, dərddən qapqara yanmışdı. İncə qımqımısını saza o gətirmişdi, Aşıq Avdının İncəgülündən sonra sazda qımqımı adlı bənövşə bitirmişdi”. “Mənim dərdim özgə dildə oxunmaz,oxu aşıq oxu mənim dərdimi”- deyirdi.Elə ona görə də Ağamalı Sadiq Əfəndinin şeirlərinin bir çoxu saz üstə köklənib. Onun şeirlərinin kökü, mayası folklorumuzdan, xalqın adət ənənəsindən, etnik yaddaşından qaynaqlanır. Bu baxımdan onun Şəhriyar sayağı və “Heydər Baba müəllifinə” epiqrafı ilə yazdığı “Baba yurdu” şeiri son dərəcə maraqlı və cəlbedicidir.
Hörmətli oxucu! Həmin şeirdən bu yazıya daxil etdiyim ikicə bəndi oxuyanda mənim dediklərimə əmin olacaqsınız:
Baba yurdu, yadındamı o çağlar,
Qoynun açıb çağırardı yaylaqlar,
Arabalar yüklənərdi o ki var,
Ağ vedrələr asılardı cağlara,
Hay-harayla köç gedərdi dağlara.
Gün batardı, Ayı bulud alardı
Yerlər inlər, göylər “cəngi” çalardı,
Sona inək örüşlərdə qalardı,
Qarı nənəm bağlayardı qurdağzı,
Titrəyərdi namazının avazı.
Şeirləri oxuduqca adamın içində bir oxşama, saz havası, bir qımqımı baş qaldırır.
Nə vaxtsa yaddaşıma yazılıb qalmış, “Qaraçı” havasına yazılmış aşağıdakı misralarda Ona məxsusudur:
Ayə “Qaraçı” çal başına dönüm,
Ayə “El havası”- “Qaraçı” dedim.
Ayə “Qaraçı” çal məcnunluq edim,
Qaraçı köçünə qarışım gedim.
Ayə elə çaldın “El havası”nı,
Demədin bu yazıq dəli-zad olar,
Qurbannan, Abbasdan bir ağız da de,
Dədə Qorqudun da ruhu şad olar.
Qəribədir, onun ictimai məzmun kəsb edən şeirləri nə qədər sərt və üsyankardısa, aşaq havaları üstə yazdığı şeirləri sön dərəcə kövrək və təsirlidir. Oxucuların diqqətini şairin bu qəbildən olan şeirlərindən birinə- “Aman aşıq bir hava çal” şeirinə cəlb etmək istəyirəm:
Duman gəldi bu dağları bürüdü,
Bulaqları bizə həsrət qurudu.
Gözüm qannı, göz yaşlarım qurudu,
Aman aşıq, bir hava çal ağlayım...
...Cavanlığım axdı getdi sularda,
Durnalarla geri dönməz baharda.
Qaranquşlar yuva salmır şəhərdə.
Aman aşıq,bir hava şal ağlayım.
Şeirdə misralara diqqət yetirdikcə aydın olur ki, müəllif bədii təsvir vasitələrindən məharətlə istifadə edərək, ağlamaq istəyən, lakin göz yaşları qurumuş insan obrazının emosional zirvəsini ifadə edə bilib.Aşığa müraciət isə təsadüfi deyil və aşıqın sazı burada insanın sözlə ifadə edə bilmədiyi dərdin dilinə çevrilir. Şeir sanki sazın dili ilə ağlamaq istəyən insanın daxili monoloquna çevrilir.
Ağamalı Sadiq Əfəndinin dillər əzbəri olan, son dərəcə həyacan doğuran, insanı düşünməyə vadar edən, qeyri-adi poezya nümunəsi hesab etdiyim ”Ağaclar qorxudan əyri göyərir” şeiri üzərində də daynmağı lazım bildim:
...Bir qozbel kişiyə qalb bir meşə,
Ağacın düzünü kəsib aparır.
Baltalar endikcə içim göynəyir,
Sanki gözlərimi oyurlar ana,
Düz ağac Nəsimi dönməzliyidir,
Soyurlar dönməzi soyurlar ana,
Kəsirlər aranda, dağda, meşədə,
Bütün qozbellərin əli baltalı
Bütün əyrilərin canı şüşədə...
Şeirdə “qozbel”, “ meşə”, “ağac” kimi obrazlar əslində cəmiyyətdə baş verən proseslərə işarə olaraq yazılmışdır, poetik kəşfdir və şairin qeyri - adi istedadından xəbər verir. Müəllifin 1980-ci ildə qələmə aldığı bu misralar, zahirən təbiətin məhvindən bəhs etsə də, şeirin alt qatında əslindəcəmiyyətin mənəvi aşınmasını ifşa edən,özündə dərin ictimai-siyasi və fəlsəfi fikirləri ehtiva edən güclü bir poeziya nümunəsidir.
Diqqət yetirək şeirin finalına:
Bir dünya uyuyur bu keşməkeşə,
Torpaq günahkarmı,yer günahkarmı?
Bir qozbel kişiyə qalıb bir meşə,
Ağaclar qorxudan əyri göyərir,
Görən bu torpağın sahibi varmı?
Görən bu millətin yiyəsi varmı?
Ağamalı Sadiqin bu əsəri sadəcə bir meşənin qırılması deyil, haqq-ədalətin, ləyaqətin və dürüstlüyün kökünün kəsilməsi haqqındadır. Şair cəmiyyəti xəbərdar edir: qozbellərin qarşısını almasaq, əgər düzləri qorumasaq, gələcək nəsillər "qorxudan əyri böyüyəcək" və bütün meşə (cəmiyyət) qozbellərin ixtiyarına qalacaq.
Ağamalı Sadiq mənşə etibarı ilə şair idi. Lakin siyasi mübarizə, Azərbaycanın müstəqilliyi, xalqın güzaranı, haqq -ədalət uğrunda savaş onun həyat amalı idi. Yaradıcılığının xeyli hissəsini də bu amalları özündə ehtiva edən şeirlər təşkil edir.
Həyatda ölüm var, ölümdə həyat
Ölərəm, odumda, külümdə həyat.
Qəbrimin üstündə çinarlar bitər,
Təzədən daşınar belimdə həyat
Görərsən hardasa vuruşdayam mən...
Yer adamı deyildi, Ağamalı Sadiq Əfəndi. Göydən gəlmişdi. Cəmi 48 il Yerdə yaşadı.” Bu dünyaya sığışmadı”. ”Yetimişi addadım otuz beş yaşda”,“Tələsmək lazımdı, bir az tələsmək”- deyirdi:
..Xal düşür səfinə yaşıdlarımın,
Qapımın ağzında ulayır külək.
Gördüm bu dünyanın etibarını,
Tələsmək lazımdır, bir az tələsmək...
Ürəyim titrəyir sözün üstündə,
Elə korun-korun əriyirəm mən...
Hamını ovutdum saz çala-çala,
Özümü bir yana yoza bilmədim.
Yaxşı ki, qarşıda qarlı dağlar var,
Yaxşı ki, çalxanır sinəmdə ürək,
Arxamca əlini yellədi bahar.
Tələsmək lazımdı, bir az tələsmək.
Ruhu göylərə çəkildi. “Uçub getdi yaradanın yanına”. Cismi isə hər yaz gələndə məzarının üzərində baş qaldıran göy otlar, çiçəklər kimi şeirləri ilə müridlərinin, onu sevənlərin səsində, nəfəsində, söz-söhbətlərində, cücərir, çiçəkləyir , yarpaqlayır, gül açır, bar verir. “...məzarından göyərib, yenə yaşamağa başlayır”.
Ramiz Göyüş
Yazıçı-publisist
AYB-nin və AJB-nin üzvü