futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. “Bayquşlar” Masazırda Danimarka təmsilçisi “Orhus”u qəbul edəcək. Səfərdəki ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Futbolpress.az“a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşdü:
– “Sabah” həqiqətən yaxşı futbol nümayiş etdirir. Ölkə çempionluğunu gətirən sürət, taktika və oyun üslubu olduğu kimi qalır. Zəif nöqtə sol cinahla bağlıdır, çünki oradakı gənc futbolçu Maludanı “Bazel”ə satdılar. Qızıl medalların qazanılmasında məhz bu zonanın payı böyük idi. Dünya çempionatı da göstərdi ki, vingerlərin fəallığı və mərkəzlə əlaqəsi kollektivə üstünlük verir. Müasir futbolda əsas meyl bu istiqamətdədir və paytaxt təmsilçisi də həmin modelə söykənirdi. Onlar hər avrokubok matçında xeyli qol epizodu yaradırlar, lakin təəssüf ki, bunlardan az yararlanırlar. Belə hal müəyyən çətinlik yarada bilər, amma sərgilənən oyun Danimarka təmsilçisini üstələməyə və mərhələni adlamağa imkan verir.
– “Sabah” bu səddi keçə bilməsə, AL-nin pley-offunda böyük ehtimalla “Benfika” ilə üz-üzə gələcək. Belə bir ssenaridə komandanın əsas hədəfi və ümidi KL-nin liqa mərhələsinə düşmək olacaq?
– Xeyr, mən elə düşünmürəm. “Orhus” elə də keçilməz komanda deyil, onların strategiyası tam fərqlidir. İlk matçda heyətə 17–19 yaşlı futbolçuları buraxmışdılar. Əsas hədəfləri gəncləri Avropa arenasında inkişaf etdirib satmaq, bununla da büdcəni zənginləşdirməkdir. Hər kollektivin öz yanaşması var. “Sabah”ın məğlub olacağını ehtimal etmirəm, çünki ortaya qoyduqları oyun buna imkan vermir. Əsas məsələ bayaq vurğuladığım amildir. Çoxlu şans yaradırlar, sadəcə həmin epizodları qolla yekunlaşdırmaq lazımdır.
Ayxan Zayıdzadə