Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Qanunsuz odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, 1994-cü il təvəllüdlü, Ağcabədi rayonunun Muğanlı kənd sakini S.A. əvvəllər də eyni maddə ilə məhkum olunub.
İttihama görə, S.A. 2026-cı ildə Bakı şəhərinin Səbail rayonunda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərində aparılan baxış zamanı ondan 1969-cu ildə istehsal edilmiş, texniki cəhətdən saz və atəş açmağa yararlı “Makarov” tipli tapança və daraq aşkar edilərək götürülüb.
S.A. məhkəmədə bildirib ki, tapançanı təxminən bir ay əvvəl Ağcabədi rayonunun Muğanlı kəndində, Qarabağ kanalı ərazisində tapıb. Silahlara marağı olduğu üçün onu üzərində gəzdirdiyini, tapançadan istifadə etmədiyini və əməlinə görə peşman olduğunu deyib.
Məlum olub ki, S.A. 2023-cü ildə də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ildə cəzasının çəkilməmiş 5 ayından şərti olaraq vaxtından əvvəl azad olunsa da, məhkumluğu ödənilmədən yenidən eyni əməli törətməkdə ittiham olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə cinayət işi araşdırılıb.
Aydın