Ağcaqanadlar insanları necə cəlb edir? ARAŞDIRMA

06.08.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Florida Beynəlxalq Universitetinin alimləri müəyyən ediblər ki, ağcaqanadların insanı seçməsində əsas rol dərinin qoxusu, uçucu kimyəvi maddələr və dəri üzərində yaşayan bakteriyaların yaratdığı xüsusi birləşmələr oynayır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "iScience" elmi jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 119 könüllünün və üç müxtəlif ağcaqanad növünün iştirakı ilə eksperiment aparılıb. Alimlər iştirakçıların dərisinin qoxusunu, uçucu üzvi birləşmələrin tərkibini və əl dərisinin mikrobiomunu təhlil edərək bu göstəriciləri ağcaqanadların onları nə dərəcədə dişləməsi ilə müqayisə ediblər.

Nəticələr göstərib ki, eyni insan bir ağcaqanad növü üçün çox cəlbedici olduğu halda, digər növ üçün demək olar ki, maraq doğurmaya bilər. Tədqiqatçılar hər üç ağcaqanad növünü eyni dərəcədə cəlb edən heç bir iştirakçı aşkar etməyiblər.

Mütəxəssislər müəyyən ediblər ki, ağcaqanadlar dəri üzərindəki müəyyən bakteriyalar və kimyəvi maddələrin xüsusi kombinasiyalarına üstünlük verirlər. Bəzi bakteriyalar insanı hər üç ağcaqanad növü üçün daha cəlbedici etsə də, digərləri yalnız müəyyən növlərə təsir göstərərək onları uzaqlaşdıra bilir.

Alimlərin sözlərinə görə, insanın bədən qoxusu təkcə orqanizmin xüsusiyyətlərindən deyil, həm də dəridə yaşayan bakteriyalardan asılıdır. Bu mikroorqanizmlər tər və dəri piyini parçalayaraq yüzlərlə uçucu birləşmədən ibarət mürəkkəb qoxu qarışığı yaradır və ağcaqanadlar məhz bu qoxulara istiqamətlənirlər.

Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə yeni nəsil ağcaqanad əleyhinə vasitələrin hazırlanmasına kömək edə bilər. Belə preparatlar həşəratları sadəcə uzaqlaşdırmaq əvəzinə, dərinin qoxusunu və ya mikrobiomunu dəyişdirərək insanı konkret ağcaqanad növləri üçün daha az cəlbedici edə bilər.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью