Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İşğal olunmuş rayonlar arasında əhalisinin sayına görə Ağdam ən böyük rayon olmuşdur. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox insan şəhid olmuş, minlərlə insan yaralanmış, 143 minə yaxın sakin doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Onlar Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.İşğal dövründə Ağdam şəhəri və kəndləri böyük dağıntılara məruz qalmış, evlər, tarixi-mədəni və dini abidələr məhv edilmişdir. Bir zamanlar gözəl və abad olan şəhər xarabalığa çevrilmişdir. Ağdamı ziyarət edən yerli və xarici jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırmışlar.Lakin Azərbaycan xalqının iradəsi, əzmi və qələbə əzmi Ağdamın yenidən dirçəlməsinə yol açdı. 2020-ci il noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. Bu hadisə tariximizə böyük qələbənin mühüm səhifələrindən biri kimi yazıldı.Ağdam azad edildikdən sonra şəhərin yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər edərək bərpa və quruculuq işlərinin başlanğıcını qoydular.2021-ci il mayın 28-də Prezidentin növbəti səfəri zamanı Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, yaşayış binalarının, Zəfər muzeyinin, açıq hava altında İşğal muzeyinin və digər mühüm obyektlərin təməli qoyuldu. Həmçinin 140 illik tarixə malik Ağdam şəhər 1 nömrəli məktəbin yeni binasının tikintisinə başlanıldı. Ağdam şəhər meşə-parkında ağacəkmə işlərinə start verildi.Sonrakı illərdə də Ağdamda tikinti və abadlıq işləri sürətlə davam etdirildi. 2022-ci ildə Prezident İlham Əliyevin rayonumuza səfərləri zamanı yeni yaşayış komplekslərinin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının, mehmanxanaların, sənaye müəssisələrinin və digər sosial obyektlərin təməlqoyma mərasimləri keçirildi.Ağdamın tarixi irsinin qorunmasına da xüsusi diqqət yetirilir. Cümə məscidində bərpa və restavrasiya işləri aparılır, Qarabağ xanlarının türbələri və İmarət kompleksi yenidən qurulur. Xurşidbanu Natəvanın abidəsinin ucaldılması, tarixi məkanların bərpası şəhərin mədəni həyatına yeni nəfəs verir.2023-cü il noyabrın 15-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olmuşdur. Bu səfərlər rayonun inkişafına, quruculuq işlərinin sürətlənməsinə və yeni layihələrin həyata keçirilməsinə mühüm təkan verir.Bu gün Ağdamda böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Yeni yollar salınır, yaşayış binaları, məktəblər, xəstəxanalar, sənaye müəssisələri və digər sosial obyektlər inşa olunur. Ağdamın kəndlərinin də mərhələli şəkildə yenidən qurulması doğma torpaqlara qayıdış ümidlərini gerçəkləşdirir.Əminik ki, Ağdam yenidən Azərbaycanın ən gözəl, abad və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir. Burada mədəniyyət, kənd təsərrüfatı, sənaye və iqtisadiyyat yenidən inkişaf edəcək, şəhər öz əvvəlki şöhrətini qaytaracaqdır.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdamın işğaldan azad edilməsindən sonra səsləndirdiyi fikirlər xalqımıza böyük ümid verdi: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Bu gün həmin vədin gerçəkləşdiyinin şahidiyik. Ağdam yenidən qurulur, doğma yurdlarına qayıdan sakinlərin gəlişi ilə şəhərə həyat qayıdır.Ağdamın dirçəlişi Azərbaycan xalqının gücünün, birliyinin, əzminin və qələbəsinin təcəssümüdür. Dağıntılardan doğan Ağdam bu gün gələcəyə inamla addımlayır!
Fariz İmamverdiyev
YAP Yevlax rayon təşkilatının fəalı