Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi şəhərlər var ki, onların taleyi bir xalqın taleyi ilə qırılmaz şəkildə bağlıdır. Ağdam da belə şəhərlərdən biridir. Bir vaxtlar Qarabağın ən böyük və inkişaf etmiş yaşayış məntəqələrindən biri olan Ağdam işğalın ağır nəticələrini yaşadı, dağıdıldı, viran qoyuldu. Lakin bu şəhərin adı heç vaxt Azərbaycan xalqının yaddaşından silinmədi.
Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində şəhər və rayonun yaşayış məntəqələri dağıdıldı, əhali doğma torpaqlarından didərgin salındı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Bir vaxtlar həyatın qaynadığı Ağdam şəhəri işğal illərində tamamilə dağıdılaraq xarabalığa çevrildi. Şəhərin tarixi-mədəni simasının mühüm elementlərindən olan Ağdam Cümə məscidi də dağıntılara məruz qaldı. İllər keçdi, nəsillər dəyişdi, amma Ağdam adı hər bir azərbaycanlının yaddaşında yaşamaqda davam etdi. Ağdamlılar üçün doğma şəhər sadəcə yaşayış məntəqəsi deyil, uşaqlıq xatirələri, ata-baba yurdu, ailə ocağı və Vətən demək idi.
2020-ci il Azərbaycan tarixində Zəfər ili kimi yadda qaldı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin böyük hissəsini azad etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik işğala son qoyuldu və Ağdam yenidən Azərbaycanın nəzarətinə keçdi. Bu hadisə Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət daşıyırdı. Ağdamın azad olunması ilə uzun illər doğma torpaq həsrəti çəkən minlərlə insan üçün qayıdış ümidi reallığa çevrildi. Prezident İlham Əliyev 20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində ağdamlılara müraciətlə bildirmişdi ki, onlar artıq köçkün deyillər və doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Bu sözlər illərlə doğma şəhərinin həsrəti ilə yaşayan ağdamlılar üçün böyük mənəvi əhəmiyyət daşıyırdı.
Ağdamın azad edilməsindən sonra qarşıda böyük və mürəkkəb vəzifə dayanırdı: şəhəri yenidən qurmaq, onun tarixi simasını bərpa etmək və Ağdamı müasir, rahat və dayanıqlı şəhərə çevirmək. Dövlət başçısının Ağdama səfərləri şəhərin bərpası tarixində xüsusi yer tutur. Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdama ilk səfərləri zamanı şəhərin dağıntıları ilə tanış oldu, onun gələcək inkişafı ilə bağlı mühüm qərarlar verdi. 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin baş planı ilə tanış oldu və şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etdi. Həmin səfər zamanı Ağdamın yeni şəhər kimi qurulmasının əsas istiqamətləri müəyyənləşdirildi. Bu hadisə Ağdamın yeni tarixində mühüm başlanğıc oldu. Bir vaxtlar işğal nəticəsində dağıdılmış şəhərin yerində yeni Ağdamın təməli qoyulurdu.
2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər etdilər. Səfər çərçivəsində Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu. Eyni zamanda Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində mühüm layihələrin təməli qoyuldu.
2023-cü il mayın 4-5-də Prezident İlham Əliyev Ağdama səfər etdi. Səfər zamanı Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, yeni yaşayış məhəllələrinin və inzibati binanın təməlləri qoyuldu. Bu layihələr Ağdamın gələcək inkişafının yalnız yaşayış və infrastrukturla məhdudlaşmadığını göstərirdi.s
2025-ci ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Mərkəzdə 474 yerlik konsert zalı, kitabxana, dərs otaqları, sərgi və digər mədəni məkanlar yaradılıb. Bu, Ağdamın yalnız fiziki deyil, həm də mənəvi və mədəni dirçəlişinin göstəricisidir.
Uzun illər məcburi köçkün həyatı yaşayan ağdamlılar artıq öz doğma şəhərlərinə qayıdırlar. 2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb və proses davam edir. Bir vaxtlar Ağdamdan çıxmağa məcbur edilən insanlar bu gün öz doğma şəhərlərində yeni evlərinə köçürlər.
Ağdamın bərpası Azərbaycanın yalnız bu gününü deyil, gələcəyini də müəyyənləşdirən mühüm layihələrdəndir. Bu gün Ağdamda aparılan işlər göstərir ki, Azərbaycanın Zəfəri yalnız hərbi meydanda qazanılmayıb. Zəfər bu gün şəhərlərin yenidən qurulmasında, insanların öz doğma yurdlarına qayıtmasında, məktəblərin, xəstəxanaların, yolların və mədəniyyət ocaqlarının yaradılmasında davam edir.
Ağdam yaşayacaq, inkişaf edəcək və gələcək nəsillərə Azərbaycanın Zəfərinin əbədi rəmzi kimi miras qalacaq.
Araz Xudadanov
YAP Sabunçu rayon təəşkilatının sədri