Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Otuz üç illik yurd həsrətindən sonra doğma torpağa qayıtmaq Ağdama köç edən sakinlərə böyük sevinc yaşadır. Uzun illər bu günü gözləyən keçmiş məcburi köçkünlər doğma yurdda yaşamaq, onun havasını udmaq, suyunu içmək arzusuna qovuşurlar.
Ağdama köçən sakin Elgiz Aslanov bildirib ki, doğma yurda qayıdış onun üçün həyatının ən xoş və sevindirici günlərindən biridir.
“Bizim üçün bu gün ən xoş, ən sevindirici gündür. Sevincimizin həddi-hüdudu yoxdur. 33 illik həsrətdən sonra bu gün doğma vətənimizə köçüb yaşamağa gedirik. Bunun üçün bizə hər cür şərait yaradılıb, nəqliyyatla təmin olunmuşuq və hər cür kömək göstərilir”, – deyə E.Aslanov qeyd edib.
O, məcburi köçkünlər üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
“Ən böyük arzumuz doğma torpaqlarımıza qayıtmaq, oranın havasını udmaq, suyunu içmək və bundan sonra öz yurdumuzda yaşamaq idi. Azərbaycan bizim ölkəmizdir, amma insanın doğulduğu, böyüdüyü yer tamam başqadır. Doğma torpaqda yaşamağın sevinci başqadır”, – deyə E.Aslanov vurğulayıb.
Fotoqraf - Tofiq Babayev
Videooperator - Namiq Abdullayev