Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağdam hər zaman həyatın, zəhmətin, mədəniyyətin və Qarabağın iqtisadi-sosial inkişafının mühüm mərkəzlərindən biri olub. Sonra müharibə onun küçələrini səssizliyə, evlərini xarabalığa, sakinlərini isə didərginliyə məhkum etdi. Lakin Ağdamın taleyi dağıntılarla bitmədi. 2020-ci il noyabrın 20-də şəhərin işğaldan azad olunması ilə onun tarixində yeni mərhələ başlandı. Bu gün Ağdam təkcə yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın öz tarixinə, torpağına və gələcəyinə sahib çıxmaq əzminin ifadəsidir.
Ağdamın adı və tarixi bu torpağın qədimliyindən xəbər verir. “Ağdam” sözünün qədim türk dilində “kiçik qala” mənasını daşıdığı bildirilir. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xanın burada ağ daşdan imarət tikdirməsi də şəhərin adının mənşəyi ilə bağlı izahlar sırasında yer alır. 1930-cu ildə rayon statusu alan Ağdamın ərazisi 1094 kvadratkilometrdir. XX əsrin 50-ci illərindən aparılan arxeoloji tədqiqatlar isə bu ərazidə insan məskunlaşmasının minilliklərə söykəndiyini üzə çıxarıb. Eneolit dövrünə aid izlər, qədim əkinçilik və maldarlıq nümunələri, xüsusilə Üzərriktəpədə aşkar edilmiş maddi-mədəniyyət qalıqları Ağdamın yalnız coğrafi deyil, həm də elmi və tarixi baxımdan mühüm məkan olduğunu təsdiqləyir.
Lakin bu zəngin tarixi irs 1993-cü ildə ağır sınaqla üzləşdi. Ağdam uğrunda 42 gün davam edən döyüşlər 23 iyul 1993-cü ildə rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələndi. Ümumi sahəsi 1094 kvadratkilometr olan rayonun 882 kvadratkilometri, rayon mərkəzi və 90 kəndi işğal altında qaldı. 128 min insan doğma yurdunu tərk etməyə məcbur oldu. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəb, 271 mədəniyyət evi, 67 idarə, 99 klub və dünyada yeganə olan Ağdam Çörək Muzeyi düşmən əlinə keçdi. Ağdam sakinləri Azərbaycanın 59 rayonunda, 875 yaşayış məntəqəsində məskunlaşaraq uzun illər ağır məcburi köçkün həyatı yaşadılar.
Ağdamın başına gətirilənlər təkcə hərbi işğalın nəticəsi deyildi. Şəhərin və kəndlərin dağıdılması, mülkiyyətin talan edilməsi, yaşayış məntəqələrinin yandırılması, tarixi və dini abidələrin vandalizmə məruz qoyulması bütöv bir mədəni irsin məhv edilməsinə yönəlmişdi. Məhz bu mənzərə Ağdamı uzun müddət “Qafqazın Xirosiması” kimi xarakterizə edilən şəhərə çevirdi. Halbuki 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Beynəlxalq hüququn bu tələbinin uzun illər yerinə yetirilməməsi işğalın yaratdığı ədalətsizliyin miqyasını daha da ağırlaşdırdı.
Bu illər ərzində Azərbaycan xalqı doğma torpaqlara qayıdış inamını itirmədi. Ümummilli Lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində onların qayıdacağına əminliyini dəfələrlə ifadə edirdi. 1998-ci il martın 20-də Novruz bayramı münasibətilə məcburi köçkünlərlə görüşündə söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır” fikri bu inamın tarixi ifadəsinə çevrildi.
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası, Azərbaycanın güclənməsi və milli maraqların ardıcıl müdafiəsi sonrakı mərhələdə torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi və hərbi zəmin yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan tarixi Zəfər isə bu uzunmüddətli mübarizənin nəticəsi oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdamın işğal altında qalmış əraziləri Azərbaycana təhvil verildi. Beləliklə, şəhərimizə qayıdışın, onun yenidən qurulmasının və sakinlərinin doğma yurdlarına dönməsinin yolu açıldı.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Ağdamla bağlı söylədiyi “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri sonrakı illərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas istiqamətini ifadə etdi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi, 5 min 790 hərbi qulluqçunun bu medalla təltif olunması isə şəhərin azadlığı uğrunda göstərilən qəhrəmanlığın dövlət səviyyəsində əbədiləşdirilməsidir. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 20-nin Ağdam Şəhəri Günü elan edilməsi də bu tarixi hadisənin milli yaddaşımızdakı yerini möhkəmləndirdi.
Bu gün Ağdamın bərpası təsadüfi və pərakəndə tikinti işləri deyil, konkret hədəflərə və uzunmüddətli inkişaf modelinə əsaslanan sistemli prosesdir. 2022-ci il avqustun 16-da təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” işğaldan azad edilmiş rayonlar arasında ilk təsdiqlənən baş plan oldu. Sənədə əsasən, şəhərdə beş yaşayış məhəlləsinin salınması, əhalinin sayının gələcəkdə 100 min nəfərə çatdırılması nəzərdə tutulur. Ağdamın Azərbaycanın dördüncü böyük şəhərinə çevrilməsi hədəfi də onun gələcək inkişaf miqyasını göstərir. Şəhərlə yanaşı, Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yaşayışın bərpası, digər kəndlərdə tikinti işlərinin aparılması, yolların və kommunal infrastrukturun qurulması Böyük Qayıdış proqramının əsas istiqamətlərindəndir.
Qayıdışın dayanıqlı olması üçün təkcə evlərin tikilməsi kifayət etmir; insanların doğma yurdda yaşaması, işləməsi və iqtisadi fəallıq göstərməsi üçün də şərait yaradılmalıdır. Bu baxımdan 2021-ci il mayın 28-də yaradılan, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. Parkda 28 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Ümumi investisiya həcmi 260 milyon manatdan çox olan layihələr çərçivəsində 9 müəssisə fəaliyyət göstərir, 5-dən artıq müəssisənin tikintisi davam etdirilir. Artıq 115 milyon manatdan çox investisiya yatırılıb və 964 daimi iş yeri yaradılıb. Bu göstəricilər Ağdamın iqtisadi həyatının yenidən formalaşdığını, sənaye və yerli istehsal potensialının bərpa olunduğunu nümayiş etdirir.
Şəhərin nəqliyyat bağlantılarının genişləndirilməsi də bu inkişafın mühüm tərkib hissəsidir. 2025-ci il mayın 10-da açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi təxminən 8 hektar ərazidə yerləşir. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz burada inşa edilib və onun uzunluğu 350 metrdir. Dəmir yolu vağzalının gündəlik 800–1000, avtovağzalın isə 1300–1500 sərnişinə xidmət göstərməsi nəzərdə tutulub. Bu kompleks Ağdamın ölkənin nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirməklə yanaşı, sakinlərin, sahibkarların və bölgəyə gələn qonaqların hərəkət imkanlarını da genişləndirir.
Ağdamın dirçəlişi onun mədəni kimliyinin bərpası ilə tamamlanır. 474 yerlik konsert zalı, 15 dərs otağı və 615 tamaşaçı tutumlu açıq amfiteatrı olan Muğam Mərkəzinin 2025-ci ildə istifadəyə verilməsi Qarabağın zəngin musiqi ənənələrinin yaşadılması baxımından mühüm hadisədir. Cümə məscidinin bərpası, İmarət Kompleksinin yenidən qurulması, tarixi məkanların qorunması və mədəni obyektlərin istifadəyə verilməsi Ağdamın yaddaşını gələcək nəsillərə ötürmək məqsədi daşıyır. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” kimi hotellərin açılması isə şəhərdə turizm infrastrukturunun formalaşmasına təkan verir.
Böyük Qayıdışın real nəticəsi isə ilk növbədə insanların doğma evlərinə dönməsi ilə ölçülür. 2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 2146 ailə – 8300 nəfər artıq Ağdamda yaşayır. Bu rəqəmlərin arxasında illərlə yurd həsrəti çəkmiş insanların evlərinə qayıtmaq sevinci, yenidən qurulan ailə həyatı, açılan məktəblər və canlanan küçələr dayanır.
Prezident İlham Əliyevin Ağdama mütəmadi səfərləri zamanı yaşayış komplekslərinin, yolların, sənaye və sosial obyektlərin təməlinin qoyulması, açılışların keçirilməsi bu prosesin ardıcıl xarakter daşıdığını göstərir. Son illərdə məktəb və uşaq bağçalarının, xəstəxananın, istehsal müəssisələrinin, nəqliyyat və mədəniyyət obyektlərinin yaradılması Ağdamın yalnız fiziki görünüşünü deyil, bütöv şəhər həyatını bərpa etməyə yönəlib. 2026-cı ilin noyabrında yeni istehsal müəssisələrinin açılması və xəstəxananın tikintisinin davam etdirilməsi də quruculuq gündəliyinin genişləndiyini təsdiqləyir.
Ağdamın hekayəsi dağıdılmış bir şəhərin yenidən tikilməsindən daha böyük məna daşıyır. Bu, tarixi ədalətin bərpası, milli iradənin sınaqdan çıxması və gələcəyə inamın real nəticəyə çevrilməsidir. Bir zamanlar boş küçələri və dağıdılmış binaları ilə işğalın ağır izlərini daşıyan Ağdam indi yeni yaşayış məhəllələri, istehsal müəssisələri, məktəbləri, mədəniyyət ocaqları və doğma yurduna dönən insanları ilə yenidən həyat qazanır.
20 Noyabr – Ağdam Şəhəri Günü şəhidlərin xatirəsinə ehtiramın, doğma torpağa qayıdışın və quruculuq əzminin ifadəsidir. Ağdamın yenidən yüksəlməsi bir həqiqəti təsdiqləyir: şəhərləri yalnız binalar deyil, onların tarixi, yaddaşı, mədəniyyəti və insanları yaşadır. Ağdam bütün bunlara yenidən qovuşur. Onun gələcəyi artıq xarabalıqların kölgəsində deyil, quruculuğun, inkişafın və qayıdışın işığında yazılır.
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı