Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2026-cı ilin yanvar–iyun ayları ərzində Ağdam Sənaye Parkında 976 milyon manat dəyərində məhsul satılıb. Bunun da 42 milyon manatlıq hissəsi ixrac olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Sənaye Parkından sonra ikinci olan bu parkda ümumi investisiyalarının həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ötən müddətdə investorlar tərəfindən sənaye parkına 177 milyon manatdan çox yatırım edilib. Bunun da hesabına parkın ərazisində 1230 daimi iş yeri yaradılıb.

İndi Ağdam Sənaye Parkında 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ümumilikdə isə, sənaye parkının ərazisinin 60 faizədək hissəsi sahibkarların istifadəsinə verilib.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

Hazırda parkda tikinti materiallarının istehsalı, qida sənayesi, yüngül sənaye və yüksək texnologiyalı avadanlıqların yığılması kimi müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən müəssisələr, həm də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini yerli xammal və məhsullarla təmin edərək xərclərin optimallaşdırılmasına töhfə verir. Burada istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью