Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdam, 2 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin ayaqqabı istehsalı fabrikində 2024-cü il aprelin 1-dən müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb.
Hazırda fabrikdə günlük 900-1100 cüt məhsul istehsal olunur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib.
Elnur Allahverdiyev bildirib ki, fabrikə ümumi 12 milyon manat sərmayə qoyulub. Bütün avadanlıqlar Almaniyanın “Desma” markasına məxsusdur.
Fabrikin istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.
Fabrikdə hazırda 70 nəfər işçi çalışır ki, onlardan 50 nəfəri Ağdam və ətraf rayonlardandır. Bu yaxınlarda ikinövbəli iş rejiminə keçilib.
2025-ci ilin ortalarına işçi sayının 100 nəfərə çatdırılmasını planlaşdırılır.