Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdam şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixində mühüm hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama uyğun olaraq, hər il noyabrın 20-si ölkəmizdə Ağdam Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar tarix xalqımızın tarixi torpaqlarına qovuşmasının, milli iradəsinin və dövlətimizin gücünün rəmzidir.
Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Ağdamın da azadlığına yol açdı. 2020-ci il noyabrın 20-də üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Ağdam şəhəri heç bir hərbi əməliyyat aparılmadan Azərbaycana qaytarıldı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək işğal altındakı ərazilərimizi bir-bir azad etdi. Hər bir uğurlu hərbi əməliyyat xalqımızın Qələbəyə olan inamını daha da artırdı və Ağdamın doğma sahibinə qaytarılması ilə nəticələnən tarixi prosesin mühüm tərkib hissəsinə çevrildi.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə köçürülməsi təmin olunur. Bu gün Ağdamda yaradılan yeni yaşayış məntəqələri, müasir infrastruktur və sosial obyektlər insanların öz doğma yurdlarında rahat və təhlükəsiz həyat sürməsi üçün geniş imkanlar yaradır.
Bununla yanaşı, Ağdamın yenidən qurulması prosesində Azərbaycanın dost və qardaş ölkələrlə əməkdaşlığı da xüsusi diqqət çəkir. Belə ki, Qırğızıstanın maliyyə dəstəyi ilə Ağdam rayonunun Xıdırlı kəndində müasir tələblərə cavab verən orta məktəb binası inşa edilmişdir. 22 sinif otağı, idman zalı, kitabxana və müasir laboratoriyalarla təchiz olunan bu təhsil müəssisəsi iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu cür layihələr Qarabağın dirçəlişinə beynəlxalq dəstəyin göstəricisi olmaqla yanaşı, azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasına da mühüm töhfə verir.
20 Noyabr Ağdam Şəhər günü münasibətilə bütün ağdamlıları – uzun illər doğma yurdunun həsrəti ilə yaşayan, bu gün isə öz torpaqlarına qayıdaraq yeni həyata başlayan soydaşlarımızı ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Ağdamda daim əmin-amanlıq, firavanlıq və inkişaf hökm sürsün, şəhərin hər bir guşəsində həyatın səsi, uşaqların gülüşü eşidilsin. Ağdam Şəhəri Gününüz mübarək!
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı