Ağdam zəfərin, qayıdışın və yenidənqurmanın rəmzi ŞƏRH

18.11.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi dəyərlərə malik şəhərlərindən biridir. Qarabağın dilbər guşəsində yerləşən bu şəhər xalqımızın yaddaşında həm öz tarixi-mədəni irsi, həm də 30 ilə yaxın davam edən işğal dövründə məruz qaldığı dağıntılarla yaşayır. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Ağdamın azadlığına qovuşması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən birinə çevrildi. Bu gün Ağdam yalnız keçmişin ağrı-acısını deyil, həm də xalqımızın yenilməz iradəsini, qurub-yaratmaq əzmini və Böyük Qayıdışın təntənəsini təcəssüm etdirir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdam şəhərinin gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin bu torpaqlara münasibətini aydın ifadə edir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu qətiyyətli mövqe artıq real nəticələrdə öz əksini tapır. Vaxtilə xarabalığa çevrilmiş Ağdam bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur, yollar çəkilir, yaşayış məhəllələri, sosial obyektlər və istehsal infrastrukturu yaradılır.
Ağdamın azadlığı uğrunda göstərilən qəhrəmanlığın və tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Medal Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu tarixi missiyanın həyata keçirilməsində xidmət göstərmiş hərbi qulluqçuların təltif olunması üçün nəzərdə tutulub. Bu təltif Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığına verilən yüksək qiymətin ifadəsidir.
Ağdamın azad olunması ilə bağlı tarixi günün əbədiləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu tarix xalqımızın yaddaşında işğala son qoyulmasının, tarixi ədalətin bərpasının və doğma yurda qayıdışın başlanğıcının rəmzi kimi yaşayır.
Böyük Qayıdışın ən sevindirici nəticəsi isə ağdamlıların doğma yurdlarına qayıtmasıdır. Artıq Ağdam şəhərində və rayonun kəndlərində məskunlaşma prosesi mərhələli şəkildə davam edir. 2025-ci il mayın 10-da Kəngərli kəndinin birinci mərhələsinin açılışı ilə sakinlərin doğma torpaqlarına qayıdışı yeni mərhələyə qədəm qoydu. Kənddə fərdi yaşayış evləri ilə yanaşı, məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi və inzibati obyektlər istifadəyə verildi. Sakinlərə mənzillərin açarlarının təqdim edilməsi doğma yurda qayıdışın sevincini bir daha nümayiş etdirdi. 2026-cı il sentyabrın 1-də isə daha 117 ailənin, ümumilikdə 362 nəfərin Ağdam şəhərinə köçürülməsi bu prosesin ardıcıl davam etdiyini göstərdi.
Prezident İlham Əliyevin azad edilmiş Ağdama mütəmadi səfərləri şəhərin bərpa və yenidənqurma prosesinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu göstərir. 2022-ci il oktyabrın 4-də dövlət başçısının Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq keçirildi, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməli qoyuldu. Həmçinin Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, Dəmir yolu və Avtovağzal Kompleksinin, yeni yaşayış məhəlləsinin təməlqoyma mərasimləri keçirildi. Dövlət başçısı Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış oldu, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etdi. Bu səfər Ağdamın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm hadisə kimi yadda qaldı.
2024-cü il mayın 28-də Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlini qoydu. Bu kəndlərin yenidən qurulması keçmiş sakinlərin doğma torpaqlarına qayıtması, kənd təsərrüfatının və sosial həyatın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Hər bir kənddə yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlərin yaradılması nəzərdə tutulur.
2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı şəhərin nəqliyyat infrastrukturunun inkişafında əlamətdar hadisə oldu. Həmin gün Kəngərli kəndinin birinci mərhələsi, kənd tam orta məktəbi, körpələr evi-uşaq bağçası və Ağdam Muğam Mərkəzi də istifadəyə verildi. Muğam Mərkəzinin açılışı xüsusilə böyük mənəvi əhəmiyyət daşıyır. Çünki Ağdam uzun illər Azərbaycanın musiqi və muğam mədəniyyətinin mühüm mərkəzlərindən biri olub. Yeni mərkəz bu ənənələrin yaşadılmasına, gənc nəslə ötürülməsinə və milli mədəniyyətimizin təbliğinə xidmət edəcək.
2026-cı il iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış oldular. Səfər zamanı 840 şagird yerlik Milan Rastislav Ştefanik adına Baş Qərvənd kənd tam orta məktəbinin təməli qoyuldu. Bu hadisə azad edilmiş ərazilərdə quruculuq prosesinin beynəlxalq əməkdaşlıq və təhsil sahəsində yeni imkanlarla müşayiət olunduğunu nümayiş etdirdi.
Bütün bu layihələr Ağdamın yalnız yaşayış məntəqəsi kimi deyil, həm də iqtisadi, sosial, mədəni və turizm mərkəzi kimi inkişafına hesablanıb. Sənaye Parkının fəaliyyəti, yeni istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı və müasir infrastrukturun qurulması rayonun iqtisadi potensialının reallaşdırılmasına geniş imkanlar yaradır.
Bu gün Ağdamın simasında biz dağıntılardan dirçəlişə, işğaldan azadlığa, həsrətdən qayıdışa gedən möhtəşəm bir yolun şahidiyik. Hər yeni tikilən bina, salınan küçə, açılan məktəb, istifadəyə verilən mədəniyyət ocağı və doğma evinə qayıdan hər bir ailə Azərbaycanın tarixi Zəfərinin real təcəssümüdür.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью