Ağdam zəfərin təntənəsi, dirçəlişin möhtəşəm salnaməsi ŞƏRH

18.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın müasir tarixində elə günlər var ki, onlar yalnız təqvimdəki bir tarixi deyil, bütöv bir xalqın yaddaşını, mübarizəsini və qürurunu özündə yaşadır. 20 Noyabr – Ağdam Şəhəri Günü də məhz belə əlamətdar günlərdəndir. Uzun illər işğalın ağrı-acısını yaşayan, xarabalığa çevrilən, lakin milli iradəsini və gələcəyə inamını itirməyən Ağdam bu gün azadlığın, dövlət qüdrətinin və yenidən dirçəlişin möhtəşəm təcəssümüdür.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ərzində misli görünməmiş dağıntılara məruz qaldı. Vaxtilə Qarabağın iqtisadi, mədəni və ictimai həyatında mühüm yer tutan şəhər düşmən vandalizmi nəticəsində yaşayış məskənindən xarabalığa çevrildi. Tarixi abidələr, məktəblər, mədəniyyət ocaqları və yaşayış evləri dağıdıldı, minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu. Bir zamanlar həyatın qaynadığı Ağdamın faciəli mənzərəsi beynəlxalq ictimaiyyətin diqqətini çəkərək şəhərə “Qafqazın Xirosiması” adının verilməsinə səbəb oldu.

Ağdamın taleyi, eyni zamanda, Azərbaycan xalqının Qarabağ mübarizəsinin ağrılı səhifələrindən biri idi. Ümummilli Lider Heydər Əliyev Ağdamın tarixi əhəmiyyətini, iqtisadi potensialını və sakinlərinin qəhrəmanlığını daim yüksək qiymətləndirirdi. Ulu Öndərin hələ Azərbaycanın rəhbəri olduğu dövrdə bu bölgənin inkişafına göstərdiyi diqqət Ağdamın tarixində mühüm iz qoymuşdu. Onun arzusu Ağdamın abad, gözəl, inkişaf etmiş və firavan bir diyar kimi tanınması idi.

Heydər Əliyev 1996-cı il avqustun 2-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə şəhərin tarixi və strateji əhəmiyyətini xüsusi vurğulayaraq onun Azərbaycanın qədim və böyük tarixə malik şəhərlərindən biri olduğunu bildirmişdi. Ulu Öndərin 1998-ci ildə Milli Məclisdə səsləndirdiyi “Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur” fikirləri isə bu torpağa olan dərin ehtiramın ifadəsi idi.

Dahi rəhbərin “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!” sözləri xalqımızın milli yaddaşında xüsusi yer tutur. Bu fikir sadəcə bir şəhərə bağlılıq deyil, Azərbaycanın ərazi bütövlüyünə, tarixi torpaqlarına və milli varlığına münasibətin ifadəsi idi. Ulu Öndər Ağdamın gələcəyinə inanır, ağdamlıların dözümünü, cəsarətini və vətənpərvərliyini yüksək qiymətləndirirdi. Bu gün həmin arzuların gerçəkləşməsi, Ağdamın yenidən qurulması Heydər Əliyev siyasi kursunun uğurlu davamının bariz nümunəsidir.

2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın taleyində yeni tarixi mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın azadlığına qovuşması üçün həlledici zəmin yaratdı. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik işğala son qoyuldu və şəhərimiz hərbi əməliyyat aparılmadan, əlavə itkilər verilmədən öz sahibinə qovuşdu.

Noyabrın 23-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri, şəhərin mərkəzində Azərbaycan Bayrağının ucaldılması tarixi hadisəyə çevrildi. Bu səfər dağıdılmış şəhərin gələcəyinə verilən böyük siyasi iradənin və dövlət qayğısının nümayişi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

2023-cü il iyulun 31-də imzalanmış Sərəncamla noyabrın 20-nin Ağdam Şəhəri Günü elan edilməsi bu tarixi qayıdışın dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Ağdamda baş verən dəyişikliklər sadəcə tikinti və abadlıq işləri ilə məhdudlaşmır. Burada bütöv bir şəhərin gələcəyi, yeni həyat fəlsəfəsi formalaşdırılır. Təsdiq edilmiş Baş plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri, innovativ texnologiyalar və ekoloji yanaşmalar əsasında yenidən qurulur. Geniş yollar, müasir yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, istehsal sahələri şəhərin yeni simasını müəyyənləşdirir. Ağdam Sənaye Parkının fəaliyyəti isə bölgənin iqtisadi potensialının gücləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.

Bununla yanaşı, Ağdamın tarixi-mədəni irsinin qorunması da xüsusi diqqət mərkəzindədir. Şəhərin mənəvi yaddaşının mühüm hissəsi olan Ağdam Cümə məscidi, Qarabağ xanlığının tarixi ilə bağlı İmarət Kompleksi və digər abidələr milli kimliyimizin, tarixi varlığımızın rəmzləri kimi yenidən həyata qaytarılır. Bu proses yalnız dağıdılmış tikililərin bərpası deyil, həm də gələcək nəsillərə tarixi yaddaşın ötürülməsidir.

Ağdamın dirçəlişinin ən mühüm göstəricisi isə doğma torpaqlarından didərgin düşmüş sakinlərin geri qayıtmasıdır. Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhərinə və rayonun kəndlərinə köç prosesi mərhələli şəkildə davam etdirilir. Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində, eləcə də şəhərin yeni yaşayış məhəllələrində həyatın bərpası illərlə yurd həsrəti çəkən insanların ən böyük arzusunun gerçəkləşməsidir. İndi Ağdamda yenidən evlər tikilir, küçələr abadlaşır, uşaqlar doğma torpaqlarında böyüyür. Bu mənzərə Böyük Qayıdışın ən təsirli və qürurverici nəticəsidir.

Ağdamın bugünkü inkişafı bir daha göstərir ki, Azərbaycan dövləti yalnız torpaqlarını azad etməklə kifayətlənmir, həm də həmin ərazilərdə dayanıqlı həyatın bərpasını təmin edir. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti nəticəsində vaxtilə dağıdılmış şəhər müasir Azərbaycanın inkişaf modelinin yeni ünvanına çevrilir.

20 Noyabr – Ağdam Şəhəri Günü həm də iki böyük tarixi həqiqəti xatırladır: Ümummilli Lider Heydər Əliyevin Qarabağ və Ağdam haqqında arzuları bu gün gerçəkləşir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər isə həmin arzuların həyata keçirilməsi üçün tarixi imkan yaradıb.

Ağdamın yenidən doğuluşu Azərbaycan xalqının sınmayan iradəsinin, milli birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir. Bir zamanlar xarabalıq kimi təqdim edilən bu şəhər indi gələcəyə inamla addımlayır. Onun hər bir küçəsində Zəfərin izi, hər bir yeni tikilisində quruculuğun nəfəsi, hər bir qayıdan ailənin sevincində isə illərlə qorunan Vətən sevgisi yaşayır.

Ağdam yenidən öz sakinlərinə qovuşur, tarix öz ədalətini tapır, gələcək isə azad Qarabağda qurulur!

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью