Icma.az, Azertag saytına istinadən bildirir.
Ağdam, 30 oktyabr, AZƏRTAC
Bu gün Ağdam şəhərinə növbəti köç reallaşıb. Daha 70 keçmiş məcburi köçkün ailəsi uzun illər həsrətində olduqları doğma yurda qovuşub. İllərlə qəlblərində yaşatdıqları qayıdış arzusu gerçəyə çevrilən sakinlər yeni mənzillərinin açarlarını alaraq doğma şəhərdə yeni həyata başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdama qayıdan hər bir sakinin bu günlə bağlı öz hekayəsi, illərlə ürəyində gəzdirdiyi arzusu var. Köçkünlük illərində müxtəlif yerlərdə yaşayan Ayna Əsgərova üçün Ağdama qayıdış uzun illər gözlədiyi, həsrətlə arzuladığı gündür. O, doğma şəhərinə qayıtmağın sevincini sözlə ifadə etməkdə çətinlik çəkir.
“Vətənimizin həsrəti ilə yaşamışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə minnətdarıq. Şəhidlərimizin qanı bahasına, canı bahasına həsrəti ilə yaşadığımız bu torpağa qovuşduq. Bu günü çox gözləmişik, həsrətlə gözləmişik. Bu günə çox şükürlər olsun. İndi doğma şəhərimizə qovuşmuşuq, yeni mənzilimizi təhvil almışıq. Sevincimin həddi-hüdudu yoxdur”, – deyə Ayna Əsgərova bildirib.
Ağdamda doğulmasa da, ata-baba yurduna bağlılığı heç vaxt azalmayan Aftandil İsmayılov da bu günün sevincini yaşayır. O, köçkünlük illərində dünyaya gəlib. Ağdam haqqında atasından, nənəsindən eşidib. Hər zaman ata yurduna qayıtmaq arzusu ilə yaşayıb.
“Şükürlər olsun Allaha ki, bu gün gəldim, gördüm, şahidi oldum. Dövlət tərəfindən gözəl evlə təmin olunmuşuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Özüm də burada – Ağdam Sənaye Parkında işlə təmin olunmuşam”, – deyə Aftandil İsmayılov söyləyib.
Beləliklə, 238 nəfər üçün Ağdamda yeni həyat başlayır. İllərlə həsrətində olduqları doğma şəhərdə mənzil sahibi olan sakinlər üçün bu gün həm də ata-baba yurduna dönüşün, yeni başlanğıcın sevincini yaşadır.
Müxbir – Tahir Ağaməmmədov