Ağdamda “Gənc Tibb İşçilərinin Konfransı” keçirildi FOTOLAR

13.11.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

13 noyabr 2026-cı il tarixində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam şəhərində "Gənc Tibb İşçilərinin Konfransı” adlı layihənin növbəti mərhələsi keçirilib.

AZXEBER.COM xəbər verir ki, konfrans gənc tibb işçilərinin əmək hüquqları, psixoloji rifahı və karyera imkanlarının müzakirəsi, eləcə də regionlarda fəaliyyətlərinin təşviqi məqsədi daşıyıb.

Tədbirdə dövlət qurumlarının, səhiyyə strukturlarının və həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də Ağdam və ətraf 11 şəhər və rayondan olan gənc tibb işçiləri iştirak ediblər.

Konfransda, həmçinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşavirləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, eləcə də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin Qarabağ Regional Birliyinin rəisi iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Faiq Hacıyev konfransın əhəmiyyətini vurğulayaraq, bu cür təşəbbüslərin gənc tibb işçilərinin təcrübə mübadiləsi aparması, peşəkar inkişafı və regionlarda səhiyyə xidmətinin gücləndirilməsi baxımından mühüm rol oynadığını bildirib.

Konfransda çıxış edən Komitənin sədri Elnara Muradova əmək hüquqlarının qorunmasının, sosial təminatın yaxşılaşdırılmasının və regionlarda çalışan gənc tibb işçilərinin dəstəklənməsinin Komitənin əsas prioritetləri olduğunu bildirib. O, regional tədbirlərin gənc mütəxəssislərin təcrübə mübadiləsi aparması və peşə fəaliyyətində qarşılaşdıqları çətinlikləri müzakirə etməsi baxımından əhəmiyyətini vurğulayıb.

Digər çıxışçılar səhiyyə sistemində gənclərin rolunun artırılması və regionlarda kadr potensialının gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Konfrans çərçivəsində iki panel müzakirəsi keçirilib. "Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” adlı birinci paneldə karyera planlaması, davamlı təhsil, psixoloji sağlamlığın qorunması və həmkarlar ittifaqlarının rolu müzakirə olunub.

"Gənclərin regionlarda inkişaf yolu” adlı ikinci paneldə isə gənc tibb kadrlarının üzləşdiyi problemlər, hüquqi risklər, xəstə hüquqlarının qorunması və regionlarda davamlı məşğulluq imkanları diqqət mərkəzində olub.

Gənc tibb işçilərinin sualları cavablandırılıb.

Tədbirin interaktiv hissəsində "Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” təşkil edilib. İştirakçılar tibbi biliklərini, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, konfrans Komitənin gənc tibb işçilərinin dəstəklənməsi və regionlarda kadr potensialının gücləndirilməsinə yönəlmiş silsilə layihələrinin növbəti mərhələsidir. Bundan əvvəl konfranslar Şamaxı, Qəbələ, Tovuz, Yardımlı, Quba rayonlarında və Mingəçevir şəhərində keçirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью