Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “ASMC” MMC-nin metal məmulatları zavodunda polad həsir, çəkilmiş, yanmış və tikanlı məftil, mismar, həmçinin soyuq deformasiya olunmuş armatur istehsal edilir.
Artıq müəssisədə istehsal olunan ilk məhsul – metal məftil partiyası Böyük Britaniyaya göndərilib. Gələcəkdə mismar məhsullarının da bu ölkəyə ixracı, eləcə də digər xarici bazarlara çıxış nəzərdə tutulur.
Ümumi investisiya dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. İkinci mərhələdə əlavə istehsal binalarının tikintisi, sinklənmiş və yüksəkkarbonlu məftil istehsalı xətlərinin quraşdırılması planlaşdırılır.
Hazırda müəssisədə 41 nəfər çalışır. Layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra daimi iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 192 milyon manatdan çox investisiya yatırılıb. Hazırda Parkda 37 rezident və 2 qeyri-rezident fəaliyyət göstərir, bu günədək 1000-dən çox daimi iş yeri yaradılıb.