Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tibb elminin inkişafına verdiyi töhfələrlə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınmış alim, Əməkdar elm xadimi, akademik Adilə Namazovanın anadan olmasının 100 illiyi doğulub-böyüdüyü Ağdamda da qeyd edildi.
Sentyabrın 8-də Quzanlı qəsəbəsindəki Ağdam Muğam Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, alimlər, həkimlər, yubilyarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Yubiley mərasiminin açılışında dövlət himni səsləndirildi, ulu öndər Heydər Əliyevin, Adilə xanımın, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları əvvəlcə A.Namazovanın həyat və fəaliyyətinə həsr olunmuş “Şəfqət və elmin qürur qaynağı” adlı sənədli filmə baxdılar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, digər natiqlər akademikin Azərbaycan tibb elminin inkişafında, xüsusilə pediatriya sahəsindəki müstəsna xidmətlərindən, çoxillik elmi-pedaqoji fəaliyyətindən və çoxşaxəli irsindən söz açdılar. Bildirildi ki, zəngin elm və mədəniyyət ənənələrinə malik Ağdamın layiqli övladı olan Adilə xanımın yorulmaz fəaliyyəti, ölkəmizdə tibb elminə verdiyi töhfələr, uzun illər ərzində yüksəkixtisaslı həkim və alimlərin hazırlanmasında göstərdiyi xidmətlər əvəzolunmazdır.
Natiqlər görkəmli alimin elmi fəaliyyəti ilə yanaşı, yüksək insani keyfiyyətlərindən, vətənpərvərliyindən və gənc nəslə örnək olan həyat yolundan da bəhs etdilər.
Adilə Namazovanın bacısı Tamella Namazova tibb aliminin xatirəsinə göstərilən ehtirama görə ailələri adından təşəkkürünü bildirdi.
Yubiley mərasimi bədii hissə ilə yekunlaşdı.
M.RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdam, Quzanlı