Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
"Ağdam Qarabağın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus ənənələrə malik yaşayış məntəqələrindən biridir. XVIII əsrdə şəhərin əsasının qoyulması, Qarabağ xanlığının tarixi ilə bağlılığı, Pənah xanın irsi, tarixi-memarlıq abidələri və muğam ənənələri Ağdamın Azərbaycanın mədəni həyatında mühüm yer tutmasını təmin edib. Ağdam uzun illər regionun iqtisadi, sosial və mədəni mərkəzlərindən biri kimi tanınıb.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamın işğal edilməsi şəhərin və rayonun tarixində ən ağır, faciəli mərhələnin başlanğıcı oldu. İşğal nəticəsində şəhər dağıdıldı, yaşayış evləri, məktəblər, mədəniyyət müəssisələri, tarixi və dini abidələr vandalizmə məruz qaldı. Vaxtilə həyatın qaynayıb-çaşdığı, insanların qurub-yaratdığı Ağdam uzun illər xarabalığa çevrildi. Minlərlə insan doğma yurdundan didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məhkum oldu".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Ağdamın işğalı yalnız ərazi itkisi deyildi:
"Bu, Azərbaycanın mədəni irsinə, tarixi yaddaşına, insan talelərinə vurulan ağır zərbə idi. Şəhərin dağıdılması, maddi-mədəni sərvətlərin talan edilməsi Ermənistanın işğalçılıq siyasətinin və vandalizminin acı nəticələrini nümayiş etdirirdi.
Arzuman Muradlı deyib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində yeni tarixi mərhələnin başlanğıcı oldu:
"Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar, xalqımızın həmrəyliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyətli rəhbərliyi 44 gün ərzində regionda yeni reallıqlar yaratdı.
Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu, Ermənistan kapitulyasiya xarakterli bəyanatı imzalamağa məcbur oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik işğala son qoyuldu, Ağdamda Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü bərpa edildi.
Ağdamın döyüş meydanında geniş hərbi əməliyyat aparılmadan geri qaytarılması da Azərbaycanın Vətən müharibəsində qazandığı hərbi-siyasi üstünlüyün göstəricisi idi. Bu, hərbi qələbənin diplomatik müstəvidə də konkret nəticələr verməsinin, Azərbaycanın öz məqsədlərinə nail olmasının bariz nümunəsi oldu".
Politoloq qeyd edib ki, Ağdamın azad olunması Zəfərin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi mesaj da daşıyırdı: işğal və separatizm üzərində qurulan siyasət nəticəsiz qalacaq, ölkənin ərazi bütövlüyü və suverenliyi təmin olunacaq, xalqın tarixi torpaqlarına qayıdışı reallaşdırılacaq.
Arzuman Muradlı onu da deyib ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir. Bu tarix Ağdamın işğaldan azad edildiyi günü əbədiləşdirməklə yanaşı, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin yaddaşlarda yaşadılması, milli qürurun və dövlətçilik iradəsinin təcəssümü baxımından mühüm əhəmiyyət daşıyır.
Süleyman