Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hər bir xalqın tarixində qəhrəmanlıq səhifələri var və bu səhifələrin gələcək nəsillərə çatdırılması dövlətin və cəmiyyətin müqəddəs vəzifəsidir. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu Zəfərin əbədiləşdirilməsi, onu qazanan qəhrəmanların layiqincə qiymətləndirilməsi məqsədilə Azərbaycan dövləti bir sıra mühüm addımlar atdı. Belə addımlardan biri də Vətən müharibəsindəki qələbə münasibətilə yeni orden və medalların, o cümlədən “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsidir.
Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə bağlı müvafiq qanun 2020-ci ilin noyabrında qəbul olundu. Bu qanunla işğaldan azad edilmiş ayrı-ayrı rayon və şəhərlərin adı ilə bağlı medallar – “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edildi. Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalı haqqında Əsasnaməni təsdiqlədi.
Əsasnaməyə əsasən, “Ağdamın azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və digər şəxslər təltif olunurlar. Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Kəlbəcərin azad olunmasına görə” medalından sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 millimetr olan dairəvi lövhədən ibarətdir, onun ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. Medalın təsviri və simvolikası Ağdamın tarixi və Zəfərin əzəməti ilə bağlıdır.
Ağdamın azad olunması tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdam rayonunun bir hissəsi döyüş əməliyyatları nəticəsində, qalan hissəsi isə 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 20-də Azərbaycana qaytarıldı. Ermənistanın Ağdamı müharibə aparmadan tərk etməyə məcbur olması məhz Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələrin nəticəsi idi. Buna görə də Ağdamın azadlığında bütün Vətən müharibəsi iştirakçılarının, xüsusilə də ön xətdə döyüşən, şəhid olan, yaralanan hərbçilərimizin böyük payı var.
“Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş hər bir hərbçi bu tarixi qələbənin canlı şahididir. Prezidentin sərəncamları ilə çoxsaylı hərbi qulluqçu bu medala layiq görülüb. Bu təltiflər dövlətin öz qəhrəmanlarına olan minnətdarlığının, onların şücaətinin unudulmayacağının rəsmi təsdiqidir. Eyni zamanda medal gənc nəsil üçün vətənpərvərlik nümunəsidir: o, Vətənə xidmətin ən uca şərəf olduğunu xatırladır.
Şanlı Zəfərimizin əbədiləşdirilməsi təkcə orden və medallarla məhdudlaşmır. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin Sərəncamı ilə 8 Noyabr – Zəfər Günü, 27 Sentyabr isə Anım Günü kimi təsis edildi. 2023-cü il iyulun 31-də isə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu və 20 Noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirildi. Bu tarixlərin təqvimə daxil edilməsi Zəfərin xalqın kollektiv yaddaşında daim yaşamasına xidmət edir.
Zəfərin əbədiləşdirilməsinin digər mühüm istiqaməti azad olunmuş torpaqlarda tarixi və mədəni irsin bərpasıdır. Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksinin bərpası, Xurşidbanu Natəvanın abidəsinin ucaldılması, Ağdam Cümə məscidinin qorunması bu prosesin tərkib hissəsidir. Eyni zamanda işğalın izləri – dağıdılmış Ağdam şəhərinin qalıqları – erməni vandalizminin sübutu kimi gələcək nəsillərə çatdırılmalıdır. Azad olunmuş ərazilərdə yaradılması nəzərdə tutulan muzey və memorial komplekslər həm Zəfəri, həm də işğalın acı həqiqətlərini dünyaya göstərəcək.
Lakin Zəfərin ən böyük abidəsi dirçələn Ağdamın özüdür. Yeni salınan kəndlər, istifadəyə verilən məktəblər və uşaq bağçaları, çəkilən yollar və dəmir yolu, doğma yurda qayıdan ailələr – bütün bunlar şəhid və qazilərimizin qəhrəmanlığının bəhrəsidir. Hər bir yeni ev, hər bir yanan ocaq Zəfərin əbədiliyini təsdiqləyir.
Medal və digər dövlət təltifləri həm də tarixi hadisələrin rəsmi xronikası rolunu oynayır. Uzun illər sonra da “Ağdamın azad olunmasına görə” medalı ailələrdə nəsildən-nəslə ötürülən qiymətli yadigar, hər evin qürur mənbəyi olacaq. Bu medalı daşıyan atalar və babalar övladlarına və nəvələrinə Vətən müharibəsinin, Ağdamın azadlığının necə qazanıldığını danışacaq, bu tarix şifahi yaddaşda da yaşayacaq. Məktəblərdə keçirilən vətənpərvərlik dərsləri, qəhrəmanlarla görüşlər, şəhidlərin adlarının məktəb və küçələrə verilməsi də Zəfərin əbədiləşdirilməsinin vacib formalarıdır. Bütün bu tədbirlər bir məqsədə xidmət edir: Ağdamın azadlığı uğrunda ödənilmiş bədəl heç vaxt unudulmamalıdır və gələcək nəsillər bu torpağın qədrini bilməlidir. Dövlətin bu istiqamətdəki siyasəti cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənir.
20 Noyabr – Ağdam şəhəri günü münasibətilə Ağdamın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş bütün qəhrəmanlarımıza, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların şücaəti tarixdə əbədi yaşayacaq.
Abbas Pənahov
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini