Ağdamın azadlığı, dirçəlişi və yeni inkişaf mərhələsi ŞƏRH

18.11.2026

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir. Qarabağın mühüm yaşayış məskənlərindən olan bu şəhər tarixən özünün abadlığı, zəhmətkeş insanları, milli-mənəvi dəyərləri və mədəni həyatı ilə seçilmişdir. Ağdam xalqımızın tarixi yaddaşında xüsusi yeri olan, hər bir azərbaycanlı üçün doğma və əziz şəhərlərimizdəndir.

Uzun illər Ermənistanın işğalı altında qalan Ağdam şəhəri bu müddət ərzində misli görünməmiş dağıntılara məruz qalmışdır. Bir zamanlar inkişaf etmiş infrastruktura, yaşayış binalarına, təhsil və mədəniyyət müəssisələrinə malik olan şəhər xarabalığa çevrilmişdir. Tarixi abidələrin, dini məkanların və milli-mədəni irs nümunələrinin dağıdılması Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini bütün dünyaya nümayiş etdirmişdir.

2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması Azərbaycanın müasir tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Ağdamın azadlığı xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsi olmuşdur.

Prezident İlham Əliyevin Ağdamla bağlı səsləndirdiyi fikirlər şəhərin gələcəyinə olan böyük inamın ifadəsidir. Dövlət başçısının dağıdılmış Ağdamın yenidən qurulacağı, bütün kəndlərin bərpa ediləcəyi barədə bəyanatı bu gün həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas istiqamətini müəyyənləşdirmişdir. Dövlətimizin başçısının siyasi iradəsi və rəhbərliyi ilə Ağdamda yeni həyatın təməli qoyulmuşdur.

2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri şəhərin bərpası prosesində mühüm başlanğıc olmuşdur. Səfər zamanı Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, ilk yaşayış binasının, şəhər meşə-parkının və digər mühüm obyektlərin təməli qoyulmuşdur. Həmçinin Zəfər Muzeyi və açıq səma altında İşğal Muzeyinin təməlqoyma mərasimləri keçirilmişdir. Bu tədbirlər Ağdamın gələcək inkişafına dövlət səviyyəsində verilən böyük önəmin göstəricisi idi.

Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın hazırlanması yeni şəhərsalma siyasətinin mühüm tərkib hissəsidir. Baş plana əsasən, şəhərdə müasir yaşayış məhəllələrinin, sosial obyektlərin, parkların, ictimai məkanların və nəqliyyat infrastrukturunun yaradılması nəzərdə tutulur. Bu plan Ağdamın müasir şəhərsalma prinsipləri əsasında inkişafını, ekoloji tarazlığın qorunmasını və sakinlər üçün rahat yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir.

Ağdamda həyata keçirilən infrastruktur layihələri şəhərin iqtisadi və sosial həyatının canlanmasına geniş imkanlar yaradır. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, enerji təchizatının gücləndirilməsi, Xaçınçay su anbarının bərpası və yeni nəqliyyat obyektlərinin yaradılması bölgənin inkişafına mühüm töhfə verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi kimi layihələr isə şəhərin ölkənin digər bölgələri ilə əlaqələrinin genişləndirilməsinə xidmət edir.

Ağdamın sənaye potensialının inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ağdam Sənaye Parkında yaradılan istehsal müəssisələri yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradır. Bununla yanaşı, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrində yeni obyektlərin inşası şəhərin hərtərəfli inkişafını təmin edir. Bütün bunlar Ağdamın gələcəkdə Qarabağın mühüm iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Bu gün Ağdam yalnız yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın qələbə əzminin, milli birliyinin və quruculuq iradəsinin rəmzidir. 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bu qədim torpağın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Ağdamın dirçəlişi xalqımızın tarixi qələbəsinin davamı, gələcək nəsillərə ötürülən böyük milli qürur mənbəyidir.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью