Ağdamın azadlığı Zəfərimizin, dirçəlişi isə gələcəyə inamımızın rəmzidir ŞƏRH

18.11.2026

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın milli iradəsini, dövlətimizin gücünü və işğaldan azad edilmiş torpaqlarımızda başlanan böyük quruculuq mərhələsini özündə əks etdirir. Bu əlamətdar gün Ağdamın keçdiyi ağır, lakin şərəfli tarixi yolun, xalqımızın doğma torpaqlara qayıdış əzminin və Azərbaycanın Zəfər salnaməsinin mühüm rəmzidir.

Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir. Qarabağın mühüm yaşayış məntəqələrindən olan Ağdam uzun illər özünün inkişafı, sənaye müəssisələri, kənd təsərrüfatı, təhsil və mədəniyyət ocaqları ilə seçilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində şəhər uzun illər işğal altında qalmış, misilsiz dağıntılara və vandalizmə məruz qalmışdır. Bir vaxtlar həyatın qaynayıb-daşdığı Ağdam xarabalığa çevrilmiş, tarixi və mədəni irsimizə ciddi zərər vurulmuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoydu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bununla da Ağdamın yeni həyatının və bərpa tarixinin əsası qoyuldu. Ağdamın azad olunması yalnız bir rayonun geri qaytarılması deyildi. Bu hadisə Azərbaycanın siyasi iradəsinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və güclü dövlətçilik siyasətinin təntənəsi idi. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək yolunda mühüm tarixi nailiyyət əldə etdi. Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin Qarabağın dirçəldilməsinə verdiyi böyük önəmin göstəricisidir. Şəhərin Baş planı əsasında müasir infrastruktur yaradılır, yollar, yaşayış binaları, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri inşa olunur. Ağdamın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması burada həyatın bütün sahələrinin inkişafına geniş imkanlar yaradır. Ağdam Sənaye Parkının yaradılması da regionun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, sahibkarlığın inkişafı və iş yerlərinin yaradılması Qarabağ iqtisadi rayonunun iqtisadi fəallığının artırılmasına xidmət edir. Bütün bunlar göstərir ki, Ağdam yalnız yaşayış məntəqəsi kimi deyil, həm də Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayan mərkəzlərdən biri kimi formalaşır.
Ağdamın dirçəlişi həm də milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması deməkdir. Bu torpağın tarixi abidələri, dini-mədəni məkanları və zəngin ənənələri Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin ayrılmaz hissəsidir. İşğal dövründə dağıdılmış və zərər görmüş abidələrin bərpası tarixi yaddaşımızın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağdamın inkişafı dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. Bu strategiya yalnız dağıdılmış şəhər və kəndlərin bərpasını deyil, eyni zamanda bölgədə dayanıqlı iqtisadi inkişafın, müasir yaşayış mühitinin və sosial rifahın təmin edilməsini nəzərdə tutur. 20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlıya bir daha xatırladır ki, torpaq sevgisi, milli birlik və dövlətə sədaqət xalqımızın ən böyük mənəvi dayaqlarıdır. Ağdamın bugünkü mənzərəsi Azərbaycanın mübarizə əzminin, qələbə ruhunun və quruculuq iradəsinin canlı təcəssümüdür.

Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью