Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.
APA-nın yerli bürosu xəbər verir ki, işlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən həyata keçirilir.
“Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva Ağdərə rayonunun Həsənriz kəndində jurnalistlərə açıqlamasında bildirib ki, rayonun şəhər mərkəzi, Suqovuşan qəsəbəsi və 8 kəndini əhatə edən ərazilərdə 1 768 rabitə dirəyi basdırılıb, 334 kilometr müxtəlif tipli fiber-optik kabel çəkilib, 9 OLT (Optik Xətt Terminalı) stansiyası quraşdırılaraq istifadəyə verilib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərdə telekommunikasiya xidmətlərindən 868 ev təsərrüfatı və 68 biznes subyekti yararlanır.
Həsənriz kəndinin sakinləri də yaradılan şəraitdən, o cümlədən yüksəksürətli internet xidmətindən razılıqlarını bildiriblər.
Kənd sakini Sitarə İlyasova internet vasitəsilə uzaqda yaşayan yaxınları ilə rahat ünsiyyət qurduqlarını deyib.
Digər sakin Gülşən Şamilova isə xaricdə yaşayan övladı ilə hər gün internet vasitəsilə əlaqə saxladığını bildirib və doğma yurdda yaradılan şəraitə görə dövlətə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Qarabağ regionu üzrə 2026-cı il üçün nəzərdə tutulan mərhələdə planlaşdırılmış 25 magistral rabitə xəttinin tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 1 000 kilometrdən çox olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edir.
İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 11 şəhər, 54 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 11 596 ev təsərrüfatı və 671 biznes subyekti olmaqla, ümumilikdə 12 267 yeni abunəçi şəbəkəyə qoşulub.
GPON texnologiyası vasitəsilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, internet və telefoniya, internet və televiziya, eləcə də hər üç xidməti birləşdirən paketlər təqdim olunur.
Xidmətlərə qoşulmaq istəyən vətəndaşlar “Aztelekom”un 170 Çağrı Mərkəzinə, Ağdərə şöbəsinə və ya qurumun rəsmi internet saytına müraciət edə bilərlər.