Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb
2005-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 10-u saat 21:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, sol diz oynağının əzilməsi, sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, dünən işğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən bildirilib ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən, at piyadaəleyhinə minaya düşüb. Hadisə zamanı Sərxan Rüstəmzadə yüngül xəsarət alıb.
Vətəndaş ANAMA-nın əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.