Agentlik: Çaylarda bəndbərkitmə və məcratəmizləri işləri görülür

05.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi hər il olduğu kimi, 2026-cı ildə də ərazilərin daşqın və sel sularından qoruması məqsədilə təxirəsalınmaz işləri davam etdirir.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı idarəsinin balansında 1382 kilometrdən artıq mühafizə bəndi var. Ondan 936 kilometr Kür çayında, 134 kilometr Araz çayında, 312 kilometr isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 123 hidrotexniki qurğu mövcuddur ki, onlar da daim saz və işlək vəziyyətdə saxlanılır. Hazırda idarənin balansında olan çaylarda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir. Bundan başqa, çaylarda sərt döngələrdə sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 2012-2025-ci illər ərzində 21 min 689 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri görülüb. 2026-cı ilin əvvəlindən indiyədək cari təmir planları əsasında 39 kilometr məsafədə mühafizə bəndlərinin təmiri və qayakəsmə işləri və 16 kilometr uzunluğunda məcratəmizlənməsi işləri yerinə yetirilib.

Bundan başqa, ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür, Araz və dağçaylarında 125 kilometr uzunluğunda bəndin təmiri, 31 kilometrdən artıq qayakəsmə, 36 kilometr uzunluqda məcranın təmizlənməsi işləri başa çatdırılıb. Əlavə olaraq mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 1680 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb. İş qrafikinə uyğun olaraq, hazırda Kür, Araz və dağ çaylarında xidməti əraziyə daxil olan hissələrdə baş verə biləcək yaz-yay daşqınlarına hazırlıq məqsədi ilə idarə gücləndirilmiş iş rejimində çalışır. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq baş verə biləcək sel və daşqın sularının maneəsiz və qəzasız axıdılmasını təmin etmək məqsədi ilə mühafizə bəndinin dayanıqlığını təmin etmək üçün bəndlərin təmir-bərpası və qayakəsmə işləri görülür. Mühafizə bəndinin üzərində, yamacında və mühafizə zonasında bitmiş yabanı ağac və kolların təmizlənməsi, həmçinin çay məcralarında suyun axınına maneə olan kol-kosların və yabanı ağacların təmizlənməsi prosesi həyata keçirilir.

Məlumat üçün bildirək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 21 rayonunda, o cümlədən Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, Ağsu, İmişli, Biləsuvar, Sabirabad, Beyləqan, Füzuli, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında idarənin xidməti ərazisinə daxil olan yerlərdə fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью