Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmə təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dinləmədə rayon icra hakimiyyətinin və digər qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov iştirakçılara “Himayədar ailə” qayğı modeli, həmin modelin üstünlükləri, müraciət formaları barədə məlumatlar verib.
İştirakçıların diqqətinə çatdırılıb ki, indiyədək 78 uşaq himayədar ailələrə yerləşdirilib.
Bildirilib ki, “Himayədar ailə” qayğı modeli müəssisələrdə yaşayan uşaqların ailə mühitində yaşamaları, alternativ qayğı ilə əhatə olunmaları və sağlam gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir.
Çıxışlarda “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyənlərin müraciət və qiymətləndirmə prosesləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.