Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı VİDEO

08.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtda dünəndən başlayan aramsız yağış bəzi ərazilərdə ciddi problemlərə səbəb olub. Yağıntılar nəticəsində ayrı-ayrı küçə və məhəllələrdə yollar su ilə dolub, bəzi evləri isə su basıb.

Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri Səbail rayonunun Əlibəyov qardaşları küçəsi, 94 ünvanında baş verib. Sakinlərin sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən küçədə aparılan asfaltlama işləri zamanı mövcud kanalizasiya xətlərinin üzərlərinin asfaltla örtülməsi sonradan ciddi problemlərə səbəb olub.

Sakinlər bildirirlər ki, yağıntılar zamanı kanalizasiya suları evlərə dolub və nəticədə yaşayış sahələri ilə yanaşı, evdəki əşyalar da yararsız vəziyyətə düşüb. Asfalt örtüyü çəkilən zaman kanalizasiya quyularının yerlərində müəyyən işarələr qoyulsa da, həmin ərazilər hələ də açılmayıb.

Sakinlər hesab edirlər ki, kanalizasiya xətlərinin üzərinin asfaltla bağlanması yağış sularının normal şəkildə axıdılmasına mane olub. Nəticədə yaranan su basqını onların evlərinə və əmlaklarına ciddi ziyan vurub.

Məhəllə sakinləri aidiyyəti qurumlara müraciət edərək problemin qısa müddətdə aradan qaldırılmasını istəyirlər. Onlar kanalizasiya quyularının açılmasını, ərazidə normal suötürücü sistemin təmin edilməsini və dəymiş maddi ziyanın qiymətləndirilərək qarşılanmasını tələb edirlər.

Sakinlər həmçinin asfaltlama işləri zamanı bu cür halların əvvəlcədən nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью