Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Psixologiya sahəsində aparılan bəzi araşdırmalar göstərir ki, yüksək intellekt səviyyəsinə malik insanlar romantik münasibətlərdə müəyyən çətinliklərlə daha çox qarşılaşa bilirlər. Mütəxəssislər bunun səbəbinin zəkanın özü deyil, onunla əlaqəli davranış xüsusiyyətləri olduğunu bildirirlər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yüksək intellektli şəxslər münasibətlərdə daha seçici olur, potensial tərəfdaşları daha çox analiz edir və münasibətlərin gələcəyini əvvəlcədən qiymətləndirməyə çalışırlar.
Bu isə bəzən qərar vermə prosesini çətinləşdirə və münasibətlərin qurulmasını ləngidə bilər.
Mütəxəssislərin fikrincə, yüksək gözləntilər, məhdud sosial çevrə və həddindən artıq düşünmə meyli də romantik münasibətlərdə əlavə maneələr yarada bilir. Bununla belə, alimlər vurğulayırlar ki, yüksək zəka xoşbəxt münasibət qurmağa əngəl deyil.
Araşdırmalar göstərir ki, münasibətlərin keyfiyyətini müəyyən edən əsas amillərdən biri emosional zəka hesab olunur. Meta-analiz nəticələrinə görə, emosional zəka səviyyəsi yüksək olan şəxslər həm öz münasibətlərindən daha çox məmnun qalır, həm də tərəfdaşlarının məmnunluğuna müsbət təsir göstərirlər.
Psixoloqlar bildirirlər ki, uğurlu münasibətlərin təməlində ünsiyyət bacarıqları, empati, emosional yetkinlik və qarşılıqlı etimad dayanır. Buna görə də romantik münasibətlərdə təkcə intellekt deyil, emosional bacarıqlar da mühüm rol oynayır.
Mütəxəssislər hesab edirlər ki, yüksək zəka bəzi insanlarda münasibət qurma prosesini mürəkkəbləşdirsə də, sağlam ünsiyyət və emosional uyğunluq uzunmüddətli münasibətlərin əsas açarı olaraq qalır.
Aysel