Ağın ləkəsi: Qaranın kölgəsində vicdan mücadiləsi

16.09.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

​Günümüzün cəmiyyətində rənglərin mənəvi balansı pozulub. Qara o qədər sıx, o qədər iddialı və dominant bir şəkildə hər tərəfə yayılıb ki, gözlər artıq ağın saf işığını seçməkdə çətinlik çəkir.

Qaranlıq təkcə bir rəng deyil; o, artıq bəzi ruhların həyat tərzinə, vicdanın dərisinə çevrilib.

​Qara vicdan sahiblərinin ustalığı tam da bundadır: onlar şəri və yalanı elə bir rahatlıqla, elə bir incəsənətlə təqdim edirlər ki, insan özünə atılan böhtanın içində çaşıb qalır. Sənə atılan şər qarşısında hiss etdiyin o qəribə keylik, sanki Havay adalarında dincəlirmişsən kimi bir illuziya yaradır - çünki beynin bu qədər rahat və utanmazca söylənən bir yalanı həzm etməkdə aciz qalır. Onlar üzə elə bir simasızlıqla dururlar ki, bu həyasızlıq sanki qızmar günəşin altında içilən buz kimi bulaq suyu qədər sərin və təbiidir. Ayağının altını elə bir peşəkarlıqla qazırlar ki, sən yıxılana qədər həyatının en xoş anlarını yaşadığını zənn edirsən. Bu, sadəcə pislik deyil; bu, mənəviyyatın saxtalaşdırılmış peşəkar oyunudur.

​Digər tərəfdə isə ağ vicdanlılar durur. Onların mübarizəsi müharibənin tən ortasında, cəbhə xəttində əlində güllə və silah əvəzinə çürük bir taxta parçası ilə özünü müdafiə etməyə bənzəyir. Çünki ağ vicdan sahibinin silahlanmaq, qarşı tərəfin silahı ilə cavab vermək kimi bir variantı yoxdur - o, qaranın metodlarını mənimsədiyi an öz ağlığını itirəcəyini bilir.

​Ağ vicdanın ən böyük faciəsi onun həssaslığındadır. Ağ parçaya düşən kiçik bir toz dənəsi belə uzaqdan bəlli olduğu kimi, təmiz insanın adına toxunan ən kiçik qara sıçrayış da onun bütün varlığını təhlükəyə atır. Onlar qorxurlar; qaranın kölgəsi üstlərinə düşər də, onları da o qaranlığın bir hissəsi kimi göstərər deyə ehtiyatla addımlayırlar. Çünki qara artıq öz çirkinliyini gizlətmək ehtiyacı hissi keçirmir, amma ağ hər saniyə öz təmizliyini sübut etmək məcburiyyətində buraxılır.

​Lakin unutmamaq lazımdır ki, qaranın bu qədər aqressiv yayılması onun gücündən deyil, ağın tək bir qığılcımından belə qorxmasındandır. Qara nə qədər peşəkarlaşsa da, onun yaratdığı səltənət illuziyadan ibarətdir. Cəbhə xəttində taxta parçası ilə qalanların müqaviməti isə sadəcə özünü qorumaq deyil - o ağ təmizliyin dünyadan tamamilə silinməsinə izin verməmək mübarizəsidir.

Tural İbrahimov

Bakıvaxtı.az üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью