Ağır cinayətlər törədənlər ali təhsilli şəxslərdir” Sosioloq

30.01.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub. Onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən “Qala” restoranında hər iki ailənin iştirakı ilə baş tutub. Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir RPŞ-nə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.
Sosioloq Mail Yaqub məsələni Demokrat.az-a şərh edərkən bildirib ki, bəzi etik davranışların ali təhsillə birbaşa əlaqəsi yoxdur:
“Bu gün dünyada milyonlarla insanın ölümünə səbəb olan, ağır cinayətlər törədən və bunu rahatlıqla edən insanların bir çoxu yüksək, ali təhsilli şəxslərdir. Ona görə də demək olmaz ki, təhsil insanın mənəviyyatına tam təsir göstərir. Yəni kimsə ali təhsillidirsə, bu o demək deyil ki, onun bütün əməlləri təmiz və doğrudur. Təəssüf ki, reallıq belə deyil. Təhsil insana müəyyən qədər kömək edir, düşüncə tərzini formalaşdırır, lakin insanın əsasını təşkil edən mənəviyyat, dürüstlük və vicdan başqa bir məsələdir. Təəssüflər olsun ki, bəzən biz ali təhsili hər şey kimi qəbul edirik. Xeyr, ali təhsil prosesi müəyyən qədər irəli aparır, amma əsas olan insanın vicdanı, dürüstlüyü və əxlaqıdır”.
Qeyd edək ki, məhkəmə M.Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib. Bu hadisə və çıxarılan məhkəmə qərarı göstərir ki, vətəndaşın peşəsindən və ya sosial statusundan asılı olmayaraq, azyaşlıların hüquqlarını pozan hər bir şəxs qanun qarşısında cavabdehdir. Hamı bilməlidir ki, "ailə məsələsidir" və ya "razılıq var" kimi bəhanələr qanunsuz nişan və ya erkən nikah cəhdlərini leqallaşdırmır. 1000 manatlıq cərimə və polis müdaxiləsi bu cür halların hüquqi nəticələrinin qaçılmaz olduğunu bir daha xatırladır.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью