Ağır zərbələr almış Ermənistan ordusu sürətlə geri çəkilirdi

06.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən müharibəsinin 41-ci günündə – noyabrın 6-da Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində davam etdirdiyi uğurlu əməliyyatlar Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin zəiflədiyini və müdafiə imkanlarının tükənməkdə olduğunu nümayiş etdirirdi. 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarımızın geri alınması uğrunda aparılan döyüşlərdə Azərbaycan əsgərinin nümayiş etdirdiyi qəhrəmanlıq, yüksək döyüş hazırlığı və qətiyyət hər gün yeni uğurlu nəticələrlə təsdiqlənirdi.

Noyabrın 6-da cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edən əməliyyatlar müharibənin ümumi gedişində mühüm əhəmiyyət daşıyırdı. Bu mərhələdə Azərbaycan Ordusu təkcə ayrı-ayrı mövqeləri ələ keçirmir, eyni zamanda, Ermənistanın uzun illər ərzində qurduğu müdafiə sisteminin dayanıqlılığını sarsıdır, düşmənin canlı qüvvə və texnika baxımından itkilərini artırırdı. Döyüş meydanında yaranmış vəziyyət işğalçı ordunun əvvəlcədən hazırladığı müdafiə planlarının ardıcıl şəkildə pozulduğunu göstərirdi.

Azərbaycan Ordusu Zəfərə doğru irəliləyirdi

Müdafiə Nazirliyinin 6 noyabr 2020-ci il tarixli məlumatında cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun atəş zərbələri qarşısında ciddi itkilər verərək geri çəkilməyə məcbur qaldığı bildirilirdi.

Noyabrın 5-dən 6-na keçən gecə və gün ərzində düşmən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atıcı silahlardan, artilleriya qurğularından və minaatanlardan atəşə tutmağa çalışsa da, əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətində saxlanılırdı. Xüsusilə Qubadlı – Laçın istiqamətində gedən döyüşlər həmin günün diqqətçəkən məqamlarından biri idi. Azərbaycan hərbi bölmələrinin atəş zərbələri qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti mövqelərini tərk edərək pərakəndə şəkildə geri çəkilirdi. Bu vəziyyət düşmənin müdafiə xəttində yaranmış ciddi problemlərin göstəricisi idi.

Qubadlı istiqamətində aparılan əməliyyatların əhəmiyyəti təkcə həmin ərazinin azad edilməsi ilə məhdudlaşmırdı. Bu istiqamət Laçın rayonu ilə coğrafi və strateji bağlılığı baxımından da xüsusi əhəmiyyət daşıyırdı. Belə bir şəraitdə Azərbaycan Ordusunun irəliləməsi Ermənistanın işğal altındakı ərazilərdəki hərbi mövcudluğunun təmin olunması üçün istifadə etdiyi imkanları məhdudlaşdırırdı.

Müharibənin gedişi ordumuzun əməliyyat təşəbbüsünü ələ alaraq düşmənin müdafiə sistemini müxtəlif istiqamətlərdən təzyiq altında saxladığını göstərirdi. Bu isə Ermənistan komandanlığının qüvvə və vasitələri bir istiqamətdə cəmləşdirmək, ehtiyatları vaxtında döyüş bölgəsinə çatdırmaq və müdafiə xəttində yaranan boşluqları doldurmaq imkanlarını çətinləşdirirdi.

Ermənistan ordusu pərən-pərən düşmüşdü

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlarda Ermənistan silahlı qüvvələrinin ayrı-ayrı bölmələrində müşahidə olunan intizamsızlıq, şəxsi heyətin hazırlıq səviyyəsinin aşağı olması və əmrlərin icrasında yaranan problemlər də xüsusi vurğulanırdı. Ermənistandan məcburi şəkildə gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alaylar onlara tapşırılmış mövqelərə belə çıxa bilməmişdilər. Şəxsi heyətin təcrübəsizliyi, hazırlıqsızlığı və verilən əmrlərə məsuliyyətsiz yanaşması düşmən ordusunda yaranmış vəziyyətin ciddi olduğunu göstərirdi.

Hərbi ekspertlərin sözlərinə görə, müharibə təkcə silah və texnikanın qarşıdurması deyil. Döyüş əməliyyatlarının nəticəsinə hərbi qulluqçuların peşəkarlığı, komandanlığın idarəetmə qabiliyyəti, bölmələr arasında əlaqələndirmə və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti də mühüm təsir göstərir. Hərbi hissələr arasında koordinasiyanın pozulması, əmrlərin vaxtında yerinə yetirilməməsi və ehtiyat qüvvələrin düzgün yerləşdirilməməsi müdafiə sisteminin bütövlüyünü zəiflədən amillərdir.

Azərbaycan Ordusunun həmin günlərdə əldə etdiyi uğurlar da döyüş meydanında bu amillərin nə qədər əhəmiyyətli olduğunu göstərirdi. Müasir silah sistemlərindən istifadə, kəşfiyyat məlumatlarının operativ qiymətləndirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti və əməliyyatların əlaqələndirilməsi Azərbaycan hərbi qüvvələrinin üstünlükləri sırasında idi.

Noyabrın 6-da Ağdam və Ağdərə istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi kolon, artilleriya batareyası və silah-sursat anbarı pusquya salınaraq sıradan çıxarılmışdı. Düşmənin komandir heyətinə, rabitə və təminat vasitələrinə, eləcə də artilleriya bölmələrinə ciddi zərbələr endirilmişdi. Sıradan çıxarılan hərbi vasitələr arasında bir ədəd rabitə avtomobili, sursatla dolu iki “KamAZ”, qoşqusunda top olan üç “Ural” avtomobili, Tərtərin işğal olunmuş Göyarx kəndi və Ağdərə istiqamətində yerləşdirilmiş minaatan və D-30 haubitsa heyətləri də var idi.

Bu itkilərin əhəmiyyəti təkcə məhv edilmiş texnikanın sayı ilə ölçülmürdü. Rabitə vasitələrinin sıradan çıxarılması bölmələr arasında idarəetməni çətinləşdirir, sursat və hərbi təminat daşıyan nəqliyyat vasitələrinin məhv edilməsi isə döyüş qabiliyyətinə birbaşa təsir göstərirdi. Artilleriya qurğularının və onların heyətlərinin sıradan çıxarılması düşmənin atəş imkanlarını məhdudlaşdırırdı. Beləliklə, Azərbaycan Ordusu düşmənin yalnız ön xəttdəki mövqelərinə deyil, həmin mövqelərin fəaliyyətini reallaşdıran hərbi infrastruktura da zərbələr endirirdi.

Quduzlaşmış düşmən can verirdi

Müdafiə Nazirliyinin yaydığı məlumatlarda Ermənistan silahlı qüvvələrinin çətin relyef və iqlim şəraitində verdiyi itkiləri doldurmaqda çətinlik çəkdiyi, ayrı-ayrı bölmələrdə ərzaq, yanacaq, döyüş sursatı və hərbi əmlak çatışmazlığının yarandığı bildirilirdi.

Bu fikrə əsaslanıb onu qeyd edək ki, hər bir ordunun döyüş qabiliyyəti təkcə şəxsi heyətin sayından və silah arsenalından asılı deyil. Müharibə şəraitində təchizat sisteminin fasiləsiz fəaliyyəti, logistika marşrutlarının təhlükəsizliyi, ehtiyatların vaxtında çatdırılması və sıradan çıxmış texnikanın bərpası xüsusi əhəmiyyət daşıyır. Bu zəncirin hər hansı həlqəsində yaranan problem, bütövlükdə, hərbi əməliyyatların gedişinə təsir edir.

Ermənistan ordusunun həmin mərhələdə üzləşdiyi çətinliklər də bu baxımdan diqqət çəkirdi. Azərbaycan Silahlı Qüvvələrinin ardıcıl uğurlu əməliyyatları düşmənin təminat imkanlarını məhdudlaşdırır, onun mövqelərdə uzun müddət müqavimət göstərməsini çətinləşdirirdi.

Digər tərəfdən, döyüşlərdə itirilən canlı qüvvənin və texnikanın yerinin doldurulması üçün yeni ehtiyatların cəlb olunması zərurəti Ermənistanın hərbi resurslarına əlavə təzyiq yaradırdı. Lakin hərbi əməliyyatların intensivliyi və cəbhədə yaranmış vəziyyət bu prosesi daha da mürəkkəbləşdirirdi.

Bu mənzərə müharibədə strateji üstünlük qazanmaq üçün təkcə hücum əməliyyatlarının uğurlu aparılmasının kifayət etmədiyini bir daha təsdiqləyirdi. Düşmənin döyüş imkanlarını gerçəkləşdirən bütün sistemin zəiflədilməsi də həlledici amillər sırasında idi.

44 günlük Vətən müharibəsi dövründə Ermənistanın xaricdən silahlı şəxslər və muzdlular cəlb etməsi ilə bağlı məlumatlar da beynəlxalq diqqətə səbəb olmuşdu. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında xarici ölkələrdən gətirilmiş əcnəbi döyüşçülərin Ermənistan silahlı qüvvələrinin tərkibində döyüşlərə cəlb edildiyi bildirilirdi. Həmin məlumatlarda Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu şəxsləri ön xəttə göndərdiyi, faktiki olaraq, onlardan ən təhlükəli döyüş mövqelərində istifadə etdiyi bildirilirdi. Dil baryeri, yerli relyefi tanımamaq və döyüş şəraitinə uyğunlaşmaqda çətinliklər həmin qrupların fəaliyyətini mürəkkəbləşdirirdi.

Bu məsələ müharibənin hüquqi və siyasi tərəfləri baxımından da əhəmiyyətli idi. Xarici hərbi ekspertlər tərəfindən müharibəyə əcnəbi silahlı şəxslərin cəlb edilməsi, onların statusu, komandanlıqla münasibətləri və döyüş əməliyyatlarında iştirakı beynəlxalq humanitar hüququn tələbləri çərçivəsində qiymətləndirilirdi. Məlumatlara görə, həmin qrupların bir hissəsi döyüşlərdən yayınırdı. Bu, Ermənistanın hərbi resurslarının məhdudlaşdığı şəraitdə əlavə qüvvələrdən istifadə cəhdlərinin gözlənilən nəticəni vermədiyini göstərirdi.

Əslində, xaricdən döyüşçülərin cəlb edilməsi Ermənistanın müharibənin əvvəlində hesabladığı hərbi imkanlarla cəbhədə yaranmış real vəziyyət arasında fərqin artdığını göstərən məsələlərdən biri kimi diqqət çəkirdi. Lakin döyüş meydanında uğurlu nəticəni müəyyənləşdirən əsas amil kənardan gətirilən qüvvələrin sayı deyil, ordunun vahid idarəetmə sistemi, hazırlığı, təminatı və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək qabiliyyəti idi.

Dinc əhalini hədəfə almaq uduzmaq demək idi

Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurlar fonunda Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hücumları Vətən müharibəsinin ən ağır və ağrılı məqamlarından biri idi. Döyüş meydanında hərbi uğur əldə edə bilməyən Ermənistan ordusunun yaşayış məntəqələrini, mülki infrastrukturu və insanların həyatını hədəfə alması beynəlxalq humanitar hüquq baxımından ciddi narahatlıq doğururdu. İşğalçı mülki əhalinin müdafiəsi, mülki və hərbi obyektlər arasında fərqin qorunması və mülki şəxslərə zərər yetirilməsinin qarşısının alınması ilə bağlı beynəlxalq humanitar hüququn fundamental prinsiplərini şüurlu şəkildə rədd edirdi.

1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokolları silahlı münaqişələr zamanı mülki şəxslərin qorunmasını nəzərdə tutur. Buna baxmayaraq, Ermənistan ordusu mülki əhalinin qəsdən hədəfə almaqla, mülki obyektlərə fərq qoyulmadan hücum etməklə və mütənasiblik prinsipini pozmaqla beynəlxalq hüququ ciddi şəkildə pozurdu.

Azərbaycan Respublikası Baş Prokurorluğunun 6 noyabr 2020-ci il tarixli məlumatına əsasən, sentyabrın 27-dən həmin günədək Ermənistan silahlı qüvvələrinin ağır artilleriya və raket sistemlərindən açdığı atəş nəticəsində 92 mülki şəxs həlak olmuş, 404 nəfər xəsarət almışdı. Həmin hücumlar nəticəsində 3064 ev, 100 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə salınmışdı.

Bu rəqəmlər müharibənin yalnız cəbhə xəttində aparılan hərbi əməliyyatlardan ibarət olmadığını, Azərbaycanın şəhər və kəndlərində yaşayan insanların da ciddi təhlükə ilə üzləşdiyini göstərirdi. Dinc sakinlərin həyatına son qoyulması, ailələrin ev-eşiyindən məhrum edilməsi, yaşayış binalarının və sosial infrastrukturun dağıdılması müharibənin humanitar nəticələrini daha da ağırlaşdırırdı.

Mülki əhalinin təhlükəsizliyinin təmin olunması isə hər bir dövlətin və silahlı qüvvələrin üzərinə düşən mühüm vəzifədir. Bu baxımdan, Azərbaycanın müharibə dövründə qarşılaşdığı qeyri-insani hücumlar təəssüf ki, beynəlxalq təşkilatların, insan hüquqları institutlarının və beynəlxalq humanitar hüquq sahəsində fəaliyyət göstərən qurumların diqqətindən kənar düşmüşdü. Azərbaycan Ordusunun əməliyyatlarının əsas məqsədi isə beynəlxalq səviyyədə tanınmış ərazilərin işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası idi.

Tarixi ədalət öz yerini alırdı…

Vətən müharibəsinin xronologiyasında 6 noyabr 2020-ci il tarixi Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə əməliyyat təşəbbüsünü qoruduğu, düşmənin müdafiə imkanlarının isə getdikcə zəiflədiyi günlərdən biri kimi yadda qaldı. Həmin gün cəbhədən daxil olan məlumatlar Ermənistan silahlı qüvvələrinin canlı qüvvə, texnika, təminat və idarəetmə baxımından ciddi çətinliklərlə üzləşdiyini göstərirdi.

Bununla belə, müharibənin nəticəsini təkcə ayrı-ayrı günlərin hərbi məlumatları ilə qiymətləndirmək düzgün olmazdı. Vətən savaşı Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu siyasətinin, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin, hərbi-texniki potensialın inkişafının və milli səfərbərliyin nəticələrinin üzə çıxdığı tarixi mərhələ idi.

Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıq və qətiyyət xalqın öz torpaqlarının azadlığına olan inamını daha da gücləndirirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar ölkənin hərbi və siyasi məqsədlərinə doğru ardıcıl irəliləyişin təmin olunmasına xidmət edirdi.

Noyabrın 6-da cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüşlər Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamların, müdafiə xətləri və hərbi mövqelərin Azərbaycan Ordusunun iradəsi və əməliyyat üstünlüyü qarşısında dayanıqlı olmadığını göstərirdi.

Bu gün həmin hadisələrə nəzər salarkən bir məqam xüsusi vurğulanmalıdır: Vətən müharibəsində əldə edilən Zəfər təkcə hərbi qələbə deyil, həm də beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə idi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində əldə etdiyi nəticələr bu mübarizənin tarixi əhəmiyyətini təsdiqlədi.

6 noyabrın xronikası isə həmin tarixi Zəfərə aparan yolun mühüm səhifələrindən biridir. O gün Azərbaycan əsgəri qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək əzmi ilə döyüşürdü. Cəbhədən gələn hər bir məlumat, azad edilən hər bir mövqe və düşmənin zəifləyən müdafiə sistemi xalqın qələbəyə inamını daha da artırırdı.

30 illik işğala son qoymaq, doğma torpaqlara qayıdışı gerçəkləşdirmək və tarixi ədaləti bərpa etmək məqsədilə başlanan mübarizə Azərbaycan xalqının milli iradəsinin, dövlətin hərbi-siyasi gücünün və ordunun döyüş əzminin təcəssümünə çevrilmişdi. 6 noyabr 2020-ci il təqvimi də bu tarixi yolun yaddaşlarda qalan əlamətdar günlərindən biri idi.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью